"Qəbələ"ni Kutaisiyə aparan təyyarədə həmsöhbətimiz nə futbolçular oldu, nə də məşqçilər. Bu dəfə komandanın həkimini dialoqa dəvət etdik. Roman Jolobaylyukun müsahibəsini diqqətinizə çatdırırıq.
- İkinci ildi ki, Azərbaycandasınız. Özünüzü necə hiss edirsiniz?
- Qısaca desəm, əla! İnsanları qonaqpərvər, ölkə də möhtəşəm. Yavaş-yavaş sizin adət-ənənələrinizə də öyrəşməyə başlayıram. Ümumiyyətlə, Azərbaycana gəldiyim ilk gündən bir nöqtəyə vuran kollektiv gördüm. Hamımızın amalı eynidi: "Qəbələ"nin uğurlu nəticələr qazanması.
- Futbolçulara Azərbaycan mətbəxinin zərəri yoxdu?
- Ukrayna mətbəxi daha sadədi. Sizdə isə yeməyi bəzəməyi, xeyli ədvalar qatmağı xoşlayırlar. Əvvəl-əvvəl futbolçulara standart yeməklər təklif edirdim. Ancaq zaman ötdükcə Qafqaz mətbəxindən də istifadə etməyə başladıq. İndi hər şey qaydasına düşüb: Ukrayna təamları da var, Qafqaz mətbəxindən də istifadə olunur, Avropa yeməkləri də rasionumuza daxil edilir.
- Hansısa ağır oyundan sonra futbolçuların bərpası baxımından psixoloji, yoxsa fiziki cəhətdən daha çox əziyyət çəkməli olursunuz?
- Oyundan sonra əsas məqam hər xırdalığa düzgün qiymət verməkdən ibarətdi. Əsas vacib amil "uqlevod pəncərəsi"ni qısa zaman kəsiyində bağlamaqdı. Burda söhbət sərf edilən enerjinin bərpasından gedir. Ancaq bizim üstünlüyümüz var. Komanda bazada məskunlaşır. Futbolçuların hamısına diqqət yetirə bilirəm. Profilaktik tədbirləri vaxtaşırı həyata keçirdikdə isə mexanizmin fəaliyyəti sıradan çıxa bilməz. Biz Avropa təcrübəsindən istifadə edərək, stimulyatorlardan yararlanmırıq. Təmiz bərpa sistemi ilə oyunçuları normal kondisiyaya gətiririk. Əlbəttə, psixoloji səpkidən də işlər görürük. Çünki bu da futbolun ayrılmaq hissəsidi.
- "Qəbələ"nin heç bir futbolçusunun aerofobiya xəstəliyi yoxdu?
- Şəxsən mənə müraciət etməyiblər. Bəlkə də var, amma utanırlar (gülür).
- Elə oyunçular var ki, özlərindən zədə uydururlar. Bu tip futbolçularınız varmı?
- Sualın qoyuluşu ilə razılaşmıram. Hər bir insanın zədəyə dözümlülük tavanı var. Həmin tavana çatdıqdan sonra ağrılar dözülməz olur. Elə futbolçular var ki, ən həfif zədəyə belə həssas yanaşır, ağrılara tab gətirmir. Ancaq bizim diaqnostika sistemimiz ən yüksək səviyyədə qoyulub. Hər bir zədə barədə qısa zaman kəsiyində tam məlumat ala bilirik. Müayinədən sonra isə konkret diaqnoz qoyuram: 3 gün, 5 gün, 2 həftə və s.
- Qeyd etsəniz də ki, çalışdığınız sahədə problemləriniz yoxdu, yəqin ki, daha yaxşı olması üçün hansısa arzularınız var...
- Ən böyük arzum futbolçularımızın heç vaxt zədə almamasıdı. Ancaq bu idman növündə təmas qaçılmazdı. Belədə isə zədə də təbii hal alır. Əlbəttə, xırda problemlər olur. Məsələn, proqnozlaşdırırıq ki, hansısa futbolçunun bərpa prosesi bir həftə çəkəcək. Orqanizmə əmr etmək olmur. Həmin bərpa 10 gün də çəkə bilər, 2 həftə də. Eyni zamanda, müxtəlif seminarlarda iştirak edirəm. Yeniliklər barədə məlumat aldıqdan sonra rəhbərliyə məruzə edirəm. Onlar da imkan daxilində bütün innovasiyalarla bizi təmin etməyə çalışır.
- Yəqin ki, bu cür hallarla rastlaşmısınız: futbolçu meydana çıxsa, zədələnmə ehtimalı olduqca yüksəkdi. Qarşısında "yaşıl işıq" yandırdığınız oyunçu olubmu?
- Götürün elə Asif Məmmədovu. Son MRT-ni (Maqnit Rezonans Tomoqrafiyası) etdik və üzə çıxdı ki, yarımmüdafiəçi hələ meydana çıxa bilməz. Ancaq o, Gürcüstana gəlmək üçün alışıb-yanırdı. Buna baxmayaraq, verdiktim qəti oldu: meydançaya çıxmayacaq. Ancaq zədə riski ehtimalı aşağı olduqda dediyiniz "yaşıl işığ"ı yandırdığım vaxtlar olub.
- Belə bir misal çəkim. Futbolçu məşqlərdə və oyun zamanı baş məşqçinin bütün təlimatlarını tam yerinə yetirir. Ancaq o, siqaret çəkir. Bu, həqiqətənmi yol verilməzdi?
- Belə bir şey mümkün deyil. Çünki siqaret qida mübadiləsinə nəzərəçarpacaq dərəcədə mənfi təsirini göstərir. Bu isə o deməkdi ki, siqaret çəkməyəcəyi təqdirdə, həmin futbolçu daha yüksək faydalı iş əmsalına sahib olar. Bu cür hallarla rastlaşanda öz tövsiyələrimizi əsirgəmirik.
- Bəs şərab, bəs pivə?
- Oyunöncəsi hazırlıq zamanı birmənalı şəkildə nə pivə, nə də şərab içmək olar. Ancaq matçdan sonra bir badə şərab və ya bir bokal pivə, hətta fayda da verir. Çünki bu, həm oyunun stressini atmağa, həm də əlavə uqlevod dənələrinin yaranmasını təmin edir.
- Roman Qriqorçukla çalışmaq çətindi?
- Bilirsiz, məşqçinin peşəkar səviyyəsi, işinə yanaşma metodikası nə qədər yüksək olursa, o, bir o qədər tələbkar olur. Qriqorçuk da məhz bu kateqoriyadan olan məşqçilərdəndi. Əlbəttə, ilk vaxtlar ona uyğunlaşmaq üçün müəyyən zaman ehtiyacım var idi. Ancaq peşəkarla dil tapmaq üçün uzun vaxta ehtiyac yoxdu. İndi isə bir-birimizə söz deməyə zərurət duymuruq, gözlər hər şeyi ifadə edir.
- Ən yaxın futbolçu dostunuz kimdi?
- Həkimlə futbolçu arasında daim pərdə olmalıdı. Onların hər birinin xətrini çox istəyirəm. Ancaq heç biri ilə aradakı pərdəni götürmürük. Açıq deyirəm, yeni gəldikdə ukraynalı futbolçularla daha çox ünsiyyətdə olurdum. Ancaq tədricən azərbaycanlılar və digər ölkələrdən olan futbolçularla da eyni münasibəti qurmağa başladım.
- Ailəniz yanınızdadımı?
- Xeyr, ailəm Kiyevdədi. Övladlarım orta məktəbi Ukrayna dilində oxuyur. Burda isə belə təhsil ocağı yoxdu. Ancaq hər imkan düşdükdə ailəmə baş çəkirəm. Orta hesabla 2 ayda 1 dəfə onların yanına gedirəm.
- Bir səmimi etirafınızı xahiş edirəm. Sizi bezdirən futbolçular var?
- Var. Təbii ki, adlarını çəkməyəcəyəm. Ancaq fikirləşməyin ki, bu hal təkcə "Qəbələ"dədi. İstənilən komandada deyingən futbolçu var. Lakin həkimin peşəkarlığı elə bundadı ki, hər bir komanda üzvü ilə eyni tərzdə münasibət qurub, tolerantlığını qorusun.
- Komanda məğlub olub. 10 dəqiqə sonra Qriqorçukun yanına gedib, hansısa məsələni həll etməlisiniz. Cürətiniz çatacaq?
- Məsələ burasındadı ki, Roman İosifoviçlə görüşməmişdən öncə telefon əlaqəsi qururam. Ancaq dediyiniz vəziyyət də yarana bilər. Belədə emosiyalar arxa plana keçir, tələb olunan sual nöqtə-vergülünə qədər müzakirə olunur.
- Sonuncu sual. İkinci mərhələdəki potensial rəqibiniz məlumdu. İlk mərhələni adlayacağınıza isə təyyarədə uçan heç kəsin şübhəsi yoxdu. Üçüncü mərhələdə həmvətənlərinizə qarşı oynayıb, ailənizi görmək istərdiniz?
- Kiminlə oynayacağımız məni maraqlandırmır. Açığı, nəyinsə hesabına ailəmə baş çəkmək arzusu ilə də alışıb-yanmıram. Bircə arzum var: "Qəbələ" həmişə qalib gəlsin.
futbolinfo.az