“Artıq Polşa toplanışında ikinci günü bitirdik. Sabah ilk yoxlama görüşümüzdür”.
Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O qeyd edib ki, ilk iki yoxlama görüşündə bütün futbolçuları sınaqdan keçirəcək: “İlk iki yoxlama oyunumuz fiziki yüklənmələr altında keçəcək. Əvvəlcədən nəzərdə tutduğumuz kimi. Deyərdim ki, oyunlarda güc bölgüsü də tam olacaq. Qarşıdakı iki matçda bütün futbolçuları sınamağı planlaşdırırıq. Son iki matçla bağlı isə qarşıdakı günlərdə danışarıq”.
Abasov Polşa toplanışında komanda üçün yaradılan şəraitdən razılığını ifadə edib: “Məşqlərimiz ağır olsa da, uşaqlar həddindən artıq həvəslidirlər. Hazırlığımız plana uyğun gedir. Şəraitimiz burada çox yaxşıdır. “Neftçi” olaraq bizə göstərilən qayğı yüksək səviyyədədir. Toplanışın gedişindən həddindən artıq çox razıyıq”.
Mütəxəssis son transferlər - İmad Faraj, Freddi Varqas və Cordan Rezabalanın hazırkı durumlarını belə dəyərləndirib: “Onlar komandaya Polşada qoşulublar. İmadın yüngül zədəsi var idi. Bunu əvvəldən bilirdik, qorxusu yoxdur. 1 həftə fiziki mşqçilərin, həkimlərin nəzarəti altında çalışacaq, sonra komanda ilə birgə məşqlərə qoşulacaq. Varqas və Rezabala isə həm komanda ilə, həm də ayrı çalışırlar. Çünki digər futbolçuların durumuna çatmalıdırlar. Onları komandaya bəyənib götürmüşük. İnanırıq ki, biz. kömək edəcəklər. Ümumi durum barədə danışmaq tezdir. İki gündür qoşulublar komandaya. Həvəsləri, istəkləri göz önündədir, çempionata qədər hazır olacaqlar”.
“Rezabala və Varqası “Hapoel”lə yoxlama oyununda meydanda görə bilərikmi?” sualını “Neftçi”nin baş məşqçisi belə cavablandırıb: “Freddi Varqası yox. Çünki son oyununu təxminən 1 ay əvvəl Venesuela millisində keçirib. Daha sonra isə yalnız fərdi məşq edib. Görsənən odur ki, fiziki cəhətdən hazırlıq deyil. Yükləmələri çətinliklə keçirir. Sabahkı oyunda onu oynatmaq risk olar, bunu lazımsız hesab edirəm. Üstəlik, sabah o, iki dəfə fərdi şəkildə məşq edəcək. Rezabala isə müəyyən qədər meydanda ola bilər”.