Basketbol üzrə Avroliqa turnirində ¼ finalın son iki oyunu başa çatıb. Bununla da “Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib.
Monakoda keçirilən oyunda meydan sahibləri “Barselona”nı yenə də məğlub edib – 85:84. Qarşılıqlı liderliklə davam edən oyunun son hissəsi də bərabər keçib. Amma katalonlar son atışı dəqiq yerinə yetirə bilməyiblər. Səhvə yol verən isə Kevin Panter olub.
Digər oyun Yunanıstanda baş tutub. Monakodakı oyundan fərqli olaraq burada meydan sahibləri gərginliyin yaşanmasına imkan verməyiblər. “Panatinaikos” bütün oyun ərzində “Anadolu Efes”i xal baxımından məsafədə saxlayıb – 75:67. Görüşün ən məhsuldar oyunçusu “Panatinaikos”un türk legioneri Cedi Osman olub. Onun aktivində 28 xal var.
Beləliklə də, bu oyunlardan sonra “Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib. Əbu-Dabidə baş tutacaq turnirdə yuxarıda adları qeyd edilən komandalardan başqa “Olimpiakos” və “Fənərbağça” da mübarizə aparacaq. Turnirə mayın 23-də start veriləcək.