Qurban Qurbanov: "Macarıstana yaxşı nəticə üçün gedəcəyik"

Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) ilk oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Çox gərgin oyun oldu. Düşünürəm ki, maraqlı alındı. Topla yaxşı davranan komandaya qarşı oynayırdıq. Meydanda bunu gördük. Matçın əvvəllərində çətinliklər oldu. Amma get-gedə oyunu ələ ala bildik. Ən çox mübarizə apardığımız matç oldu. Futbolçular bunu sona kimi bacardılarsa, sevindim. Hər şey cavab oyununda bilinəcək. Böyük istək, əzmlə çalışacağıq ki, hazır olaq. İnanıram ki, səfərdə sona kimi yaxşı mübarizə aparacağıq. Əlimizə düşən şanslardan maksimum istifadə etməliyik ki, mərhələ keçək. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Onlar daim komandamızın arxasında dayanıblar, bizə inanıblar. Biz də daha yaxşı oynamağa, daha yaxşı ümbarizə aparmağa çalışırıq.

- İlk dəfə idi ki, bizə VAR lazım deyildi, amma var idi...
- Bəzən belə hallarda rahat olursan. Hər şey ədalətli olmalıdır, belədə əlavə fikirlər yaranmır. Nəyəsə görə, kiməsə görə qalib gəlmək istəmirik. Bütün epizodlarda düzgünlük olmasını istəyirik. Buna öyrəşməliyik.

- Kadinin yeri göründümü?
- Buna fikir bildirməyim düzgün çıxmaz. Meydanda olan futbolçular tapşırıqları maksimum yerinə yetirdilər. Kadi olanda hücum və müdafiəmizə əlavələr edirik. Ümumən, futbolçular onun yoxluğunu hiss etdirmədilər. Əlimdə daha çox sağlam futbolçu olanda oyunun gedişatını dəyişmək daha asan olur. Buna görə çox variant olması yaxşıdır. Bütün oyunçular layiqli çıxış etdi.

- Rəqib baş məşqçi Ozobiçlə görüşüb ona xoş sözlər dedi. Onu apara biləcəkmi?
- Futbolçum barədə yaxşı sözlər deyilirsə, bu, mənim üçün xoşdur. Komandasında görmək istəyib-istəmədiyini deyə bilmərəm.

- Ən vacib anlarda sanki futbolçular topu geri ötürürlər?
- Bəzən özümüz meydanda olmalıyıq ki, futbolçuların nə zaman hansı qərarı verdiyini tam anlayaq. Bəlkə, son dəqiqələrə görə belə fikir formalaşır. Ümumən, geriyə çox nadir hallarda oynayırdıq. Rəqib də yaxşı qapanırdı, futbolçuları yaxşı bağlayırdılar. Oyunun sonlarında yorğunluq da var idi. Ən vacib hallarda geri oynadığımızı deməzdim. Məğlub olmamışıq. Hələ ilk oyundur.

- Çerçesov matçdan sonra sizə nəsə dedi və əsəbi formada getdi...
- Ovusu topu qapıçıya verəndə sanki qapıya vurmaq istəyirdi. Bu barədə danışırdı. Kiçik dialoq oldu. Hirslənməmişdi.

- Komanda bu mövsüm 5 oyunun 4-də ilk qolu buraxan tərəf olub. İlk topu buraxmasaq, olmazmı? Sanki qol buraxdıqdan sonra ayılırıq...
- Yatmışıq ki, ayılaq? Bu gün komanda 40 dərəcə istidə mübarizə aparıb. Futbolda qol buraxmamaq deyə bir şey yoxdur. Futbolçularımızın tam ayıq oyuna hazırlaşmağına çalışırıq. Baxsaq, istənilən rəqibin çempionatları bizdən yuxarıdır. Futbolçular qol buraxsalar da, sona kimi mübarizə apardılar. Qol buraxmamaq kimi bir şey yoxdur. Biz qol vurmağa çalışırıq. Bilmədiyimiz, görmədiyimiz elementləri, ustalığı nəzərə alanda qol buraxmağımız da normaldır. Tapşırığımız, düşüncəmiz daha etibarlı olmaq, qol buraxsaq da, sınmamağa rəqibin üzərinə getməkdir. Buna görə futbolçuları qınamıram.

- Komandanın bir neçə əsas üzvünün olmadığı matçda heç-heçə ədalətli nəticədir?
- Ədalətli nəticədir. Oyunun gedişatı bunu deməyə əsas verir. Qarşıda minimum 90 dəqiqə də var. Hazır olmalıyıq.

- Şansları necə görürsüz?
- Bərabər hesab edirəm.

- Maksim Medvedevin durumu nə yerdədir? Cavab oyununda meydana çıxa biləcək?
- Hələ bilinmir. Bərpa müddətindən asılıdır. Zədəsi elədir ki, dəqiq fikir bildirmək olmur.

- Cavab oyununu ölüm-dirim mübarizəsi hesab etmək olarmı?
- Şansımız ordadırsa, burdakından daha çox və daha yaxşı mübarizə aparmalıyıq. Buna çalışacağıq. Məğlub olsaq da, dünyanın sonu deyil. Futbolda belə şeylərə hazır olmalıyıq. Çempionlar Liqasıdır, hər ölkənin ən güclüləri burada yarışır. Orada yaxşı nəticə üçün burdakından daha çox güc itirəcəyik.

- Bu gün Azərbaycanın şəhid verməsinin, anti-rterror əməliyyatının başlamasının komandaya təsiri var idi?
- Bu barədə fikirlərimi sona saxlamışdım. Meydana çıxanda eşitdik. Allah rəhmət etsin! Allah şəhidimizin ailəsinə səbir versin. Bunları eşitmək xoş deyil. Bəzi hallar var ki, çalışmalıyıq, özümüzü düzgün idarə edək. Belə hallar həmişə bizi üzür, istəmərik. Mənim üçün bunun təsiri çox böyükdür. Çox şəhidlərimiz olub. Vətəni qorumaq üçün canlarından keçirlər. Bizim üçün çox üzücüdür. Hər birimizə təsir edir. Ola bilər, hansısa futbolçu eşitmədi. Bütün yerli oyunçularımızda məlumat var idi. Oyundan sonra futbolçular arasında dialoq gedirdi. Buradakı legionerlər də hər biri bizimlədir. İnanıram ki, onlara da təsir edir. Çox istərdim, şəhidlərimiz olmasın. Allah bir daha rəhmət etsin, ailələrinə səbir versin!





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah