“UEFA VAR-ı olan ölkələrin hakimlərinə üstünlük verir” Əliyar Ağayev

FIFA referisi Əliyar Ağayevin müsahibəsi

- İl başlayandan Yunanıstanda 3 oyuna təyinat almısız. İstərdik, bu barədə danışasınız...

 

- Əvvəldən bir məsələni qeyd edim. Yunanıstanla bağlı danışmağımıza icazə yoxdur. Müqaviləyə görə, bu barədə heç nə deməməliyəm.

- Aydındır. Sadəcə, bir məqam maraqlıdır: yunanlar konkret Əliyar Ağayevi dəvət edirlər, yoxsa AFFA-dan hakim istənilir və federasiya sizi göndərir?

- Sırf mənim e-mailimə məktub gəlmir. Federasiyaya bildirirlər. O ki qaldı mənim getməyimə, bilirsiniz, Yunanıstan çempionatında VAR sistemi tətbiq olunur. Bununla bağlı sertifikat da yalnız məndədir. Belədə avtomatik mən getmiş oluram.

- VAR-la bağlı ilk təcrübəniz idi?

- Mən və köməkçilərim UEFA-nın VAR seminarında iştirak etmişik. Ondan sonra Antalyada sertifikat turniri oldu. 14-15 yaşlıların yarışı idi. Orda hərəyə iki oyun düşürdü. Həm baş hakim, həm də VAR otağından işlədik. Ondan sonra sertifikat verildi. Sertifikat olmadan VAR sistemi tətbiq edilən matçlarda idarəçilik etmək olmaz.

- UEFA-nın talant qrupundasınız. Nəhayət, elit kateqoriyaya keçmək mümkün olacaqmı?

- Gözləyirik. Elit kateqoriyaya keçmək asan deyil. Bunun üçün çox işləmək lazımdır. Oyunlara təyinatlar olur, idarəçilik yaxşıdır, bunu davam etdirməliyik. Mənə elə gəlir ki, hələ bir müddət də lazımdır. Hazırda 1-ci kateqoriyada möhkəmlənmək mənim üçün daha vacibdir.

- 1-ci kateqoriya Çempionlar Liqasının qrup mərhələsində idarəçilik üçün kifayətdir. Belə təyinat olmamasını nə ilə bağlamaq olar?

- Bəli, Çempionlar Liqasının qrup mərhələsinə şans var. Niyə təyinat almamağımın səbəbini UEFA Hakimlər Komitəsi bilər. Ancaq bəzi məqamları qeyd etmək olar. Keçən il oyun sayı ümumən az oldu. Həmçinin, ölkəmizdəki şərait buna təsir etdi. Bilirsiniz ki, Vətən müharibəsi vaxtı bir müddət təyinatlardan saxlanmışdıq. Pandemiyaya görə seçmə mərhələ qarşılaşmaları bir oyundan ibarət idi deyə, oyun sayı ikiqat azalmışdı. Bəlkə səbəb budu, bəlkə də deyil. Yenə də gözləyirik. Əsas odur ki, idarəçilik yaxşı olsun. Bundan sonra şans yaranacaq. Ancaq 1-ci kateqoriyada olmaq o demək deyil ki, mütləq Çempionlar Liqası oyununa təyinat alacaqsan.

- Çempionlar Liqasında VAR tətbiq olunur, Azərbaycanda isə bu sistem yoxdur. Ola bilərmi ki, UEFA-nın seçimlərində bu məqam rol oynayır və daha çox VAR olan çemponatlardan hakimlərə təyinat verilir?

- Bəli. Bu, birmənalıdır. UEFA VAR sistemi tətbiq edilən ölkələrdən olan hakimlərə üstünlük verir. Daha sonra VAR tətbiq edilməyən, ancaq sertifikatı olan hakimlərə keçilir. Həm meydanda idarəçilik edənlər, həm də VAR otağındakı hakimlərlə bağlı eyni yanaşmadır.

- Deməli, Azərbaycanda da VAR lazımdır. Həm də hakimlərin inkişafı üçün...

- Artıq hamı hər sahədə müasirləşir. Biz də texnologiya baxımından həmin ölkələrlə ayaqlaşmalıyıq. VAR sistemi deyəndə hami fikirləşir ki, hakimlər üçün yaradılıb. Əslində bu, komandalar üçündür. Hakimlərin aşkar səhvi olarsa, ikinci şans yaranır ki, bu düzəlsin. Sonda bundan xeyir götürən komandalardır. Ona görə hakimlərin işini asanlaşdırmaq üçün yaradılması düzgün anlayış deyil. Artıq Çempionlar Liqasından danışdıq, növbəti mövsüm Avropa Liqasında da VAR-dan istifadə olunacaq. Əslində, bu mövsümdən planlaşdırılırdı, sadəcə, pandemiyaya görə təxirə salındı. Get-gedə bütün böyük turnirlərdə bu sistem tətbiq olunur. Ona görə hesab edirəm ki, biz də nə qədər tez başlasaq, VAR setifikatı olan hakimlərimiz çoxalar, təyinatlarımız artar. Ümumən bu sistemə müsbət yanaşıram.

- Azərbaycan hakimliyi ilə futbolunun mövcud səviyyəsini xəyali müqayisə edə bilərsiniz?

- Mənə elə gəlir ki, bunlar bərabər addımlayır. Çempionat güclü olduqca, yaxşı komandalar iştirak etdikcə, ciddi rəqabət olur. Bu, həm də hakimlərin inkişafına təkan verir. Rəqabət olmayanda, zəif oyunlar keçəndə hakimliyin də inkişafı buna mütənasib olur. Məncə, hər yerdə belədir. Bu gün özüm də daxil olmaqla Azərbaycan hakimlərini ingilis, italyan hakimlərlə müqayisə edə bilmərik. Bu, gözlə görünən bir şeydir. Onlar güclü çempionatda top-komandaların oyunlarını idarə edir, təbii ki, inkişaf da həmin müstəvidə gedir. Bizdə isə fərqlidir. Əlbəttə, ümumən hesab edirəm ki, bərabər gedir. Çempionatın səviyyəsi artıqca hakimlərin inkişafı üçün daha yaxşıdır, düşdükcə isə əksi baş verir. Bizim də Avropaya hazırlaşmağımız yerli çempionatdan, ölkədaxili yarışlardan keçir.

- Uzun müddətdi Azərbaycan çempionatında idarəçilik edirsiniz. Xeyli zamandır FIFA referisisiniz. Özünüzü karyeranızın hansı dönəmində sayırsınız?

- Yaş hesabı ilə götürsək, ortasındayam (gülür). Hələ ki, yarısında olduğumu deyə bilərəm. Allah güc-qüvvət versə, bundan sonra da bir müddət işləmək olar.

- İlk dəfə Avropa Liqasının qrup oyununu idarə etməklə Azərbaycan hakimliyinin tarixinə düşmüş adsınız...

- O tarixi çox qabartmağın əleyhinəyəm. Çünki bizim dünya çempionatının final mərhələsində, hətta finalında iş başında olan hakimlərimiz olub. Bunu kiçik uğur hesab edirəm. İnşallah, yeni gələn FIFA hakimlərimiz bunu daha da inkişaf etdirəcəklər.

- Karyeranızda pik nöqtəyə çatmısınız?

- Bilirsiniz, hər bir insan nəyəsə başlayanda bir məqsədi olur. Bizdə indi hədəf odur ki, elit kateqoriyaya yüksələk. Ancaq açığını deyim ki, başlayanda birinci kateqoriyaya yüksləcəyimi belə fikirləşmirdim. Hər dəfə kateqoriya keçdikcə isə növbətiyə “niyə də yox?!” deyirsən. Əgər elit kateqoriyaya çıxaramsa, bu, karyeramın pik nöqtəsi olar. Ancaq ondan sonra da dayanmamaq lazımdır. Növbəti məqsəd olmalıdır ki, Avropa çempionatının, dünya çempionatının final mərhələsində idarəçilik edək. Bunlar isə olduqca çətindir. Təsəvvür eləyin, dünya çempionatına Avropadan 9-10 hakim gedir, elit kateqoriyada olanların sayı isə 30-a yaxındır. Görün, neçə nəfərdən güclü olmaq lazımdır ki, gedib ora çıxa biləsən.

- Yaxın gələcək üçün əsas hədəf?

- Gözləyirik ki, Çempionlar Liqasında debüt edək. Ondan sonra digər nöqtələri arzulayaq.

- Uğurlar sizə!

- Çox sağ olun!

futbolpress.az

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah