Azərbaycan futbolu onları unutsa da, biz onları unutmuruq. Bu dəfə həmsöhbətim 90-cı illərdə Azərbaycan Çempionatının ən sərrast futbolçularından biri olan, tarixin yaddaşına qovuşan "Bakı Fəhləsi"nin bombardiri Vüqar Qəmbərovdur.
Newsport.az sizə həmin müsahibəni təqdim edir:
- Futbolumuzun tarixi ilə bağlı statistik göstəriciləri axtaranda daim sənin adına rast gəlirik. Özün isə yoxsan, haralardasan?
- 35 yaşım olanda futbolu atmışam. Ondan sonra fasilə verdim, futboldan uzaqlaşdım. Hiss etdim ki, biraz dincəlməyə ehtiyacım var. Yenidən futbola qayıtmaq üçün illər lazım oldu. Tamamilə başqa sahədə çalışmağa başladım. İndi də həmin işimi davam etdirirəm.
- Bir dəfə səni uşaq futbol turnirində gördüm.
- Bəli, işimlə paralel "Azəri" uşaq-futbol məktəbində məşqçilik edirəm. Futboldan çox uzaq qala bilmədim. Bir dönəm "Xəzər Adaları" futzal klubunda məşqçi kimi fəaliyyət göstərdim.
- Vüqar, sizin dönəminizdə istedadlı uşaq daha çox idi, yoxsa indi?
- Əlbəttə onda. O zaman oyunçularımız fərdi olaraq çox güclü idi. Düzdür, indi sürət artıb, şərait yaxşıdır, fiziki gücə üstünlük verilir. Ancaq o vaxtlar xeyli sayda istedadlı futbolçumuz vardı. Biz bəyəm təlim-məşq toplanışı görürdük? Tək-tük klubların pulu vardı ki, ildə bir dəfə toplanış keçsin. Hazırda Birinci Divizion komandası da Antalyaya "sbora" gedir. Elə olurdu ki, mövsümü bir dəst forma ilə başa vururduq. İndi Yunis Hüseynov, Vidadi Rzayev, Samir Ələkbərov, qardaşım "Torpedo" kimi futbolçular nə gəzir? Görmürəm, yoxdur.
- Elə rəhmətlik qardaşınız İlham Qəmbərovdan söz düşmüşkən, niyə məhz "Torpedo" ləqəbi?
- İlham kiçik yaşlarından futbolla məşğul idi. O məşqə gedəndə rəhmətlik atam ona Moskva "Torpedo"sunun formasını almışdı. Formanın arxasında "Торпедо" yazılmışdı. İlham oynayanda, uşaqlar onun adını bilmədiyi üçün "Torpedo" deyə çağırırdı. Elə həmin vaxtdan İlham dönüb oldu "Torpedo".
- Hətta deyilənlərə görə, bəzi məşqçilər onun adının İlham olduğunu bilmirmiş.
- Doğrudur. Hansı komandada çıxış etdiyi dəqiq yadımda deyil. Elə olur ki, qarşılaşmada onu əvəz etməli olurlar. Köməkçi-məşqçi 4-cü hakimə yaxınlaşıb vərəqi verərək deyib ki, "Torpedo"nu dəyişirik. Adı da vərəqdə elə yazıbmış. Hakim soruşub ki, adını niyə yazmamısan? O da deyib ki, adını bilirəm ki...(gülür)Mən özüm söhbət düşəndə deyirdim ki, İlhamın qardaşıyam, hamı soruşurdu ki, İlham kimdir? "Torpedo" deyən kimi bilirdilər.
- İlhama o dövrdə ölkə xaricindən xeyli təklif olduğu da danışılır.
- Həddindən artıq çox təklif vardı. Cəmi bir dəfə getdi. Ondada Mahaçqalaya("Anji"də çıxış edib - A.Ə). Deyirdi qala bilmirəm. Darıxıram. İlhamı "Dinamo" Stavropol, Almaniyanın ikinci liqasından bir neçə komanda çağırırdı. Əhməd Ələsgərov da ona dəfələrlə məsləhət verdi ki, Azərbaycandan çıx, özünü ölkə xaricində sına. İstəmədi, getmədi. Bəlkə də getsəydi, indi İlham sağ idi...(kövrəlir)

- Aradan illər keçsə də, bizim futbolçularımız artıq xarici klublardan dəvət almır.
- Dəvət almır, yoxsa gedib oynaya bilmir? Bizim oyunçularımıza xaricdə oynamağa səviyyələri imkan vermir.
- Qardaşınla bir komandada oynamağa da macal tapmısan.
- Bir ara "Bakı Fəhləsi"ndə bir yerdə çıxış etdik. Açığını deyim ki, o heyətdə olanda mənim üzərimə çox yük düşürdü. İlhamın "adam tutmaqla" arası yox idi. Hətta bir dəfə oyunun gedişində yenə "öz adamını" buraxdı. Mən də dedim ki, "Torpedo" öz adamını tut da. İlham qayıtdı ki, Vüqar qardaş nə üçündür, ikisini də sən tut da...(gülür) Onunla bir komandada oynamaq bir tərəfdən çətin olsa da, digər tərəfdən asan idi ki, bir-birimizi gözüyumlu başa düşürdük. Onun ötürmələri ilə çox qollar vurmuşam.
- Bir evdən üç uşağın(Kiçik qardaşları Elnur Qəmbərov futzal yığmamızın üzvü olub - A.Ə)məşqə getməsi ailəyə yük olmurdu?
- Atamız idmanı çox sevirdi, bizə daim dəstək verirdi. Düzdür, onda dolanışıq yaxşı deyildi. Amma bunu hiss etdirmirdi. O övladlarına çox əziyyət çəkib. Gəlib oyunlarımızı izləyirdi. Yaxşı yadımdadı bizdən kim qol vursa, ona pul verirdi. Zəif komandalarla oynayanda gəlmirdi, deyirdi bala çox qol vuracaqsınız, pul çatdıra bilməyəcəm.
- 4 qardaş olmusunuz, 3-ü futbolu seçib. Necə oldu ki, böyük qardaşınız Ramiz(Rəhmətə gedib - A.Ə) sizə qoşulmadı?
- O da futbol oynayırdı. Mən deyərdim ki, rəhmətlik Ramiz bizim hamımızdan istedadlı idi. Sadəcə gördü ki, məktəbdə qiymətləri zəifləyir. Ona görə oxumağı seçdi. Bu yaxınlarda isə rəhmətə getdi(kövrəlir).
- Kiçik qardaşınız Elnur Qəmbərov hazırda çox uzaqlarda - Kanadada yaşayır.
- Təəssüflər olsun ki, ona burda dəyər verilmədi. İki il ardıcıl çempion oldu(Futzal üzrə Birinci Liqa və Yüksək Liqada - A.Ə)Elnur uzun müddət işsiz qaldı. Heç bir təklif olmadığını görüb Kanadaya yollandı. İndi Allaha şükürlər olsun ki, orda çalışır. Burda qalsaydı, Azərbaycan futboluna çox xeyir verə bilərdi. Ancaq ona iş vermək əvəzinə badalaq vururdular.
- 1995-ci ildə "Bakı Fəhləsi"nin heyətində 16 qol vuraraq komandanın ən məhsuldar oyunçusu olmusunuz. Sonra daha iki mövsüm rəqib torlarını xeyli sayda havalandırmısınız. Vurduğunuz qolların içərisində ən çox hansı yadınızda qalıb?
- Vurduğum bütün qollar mənim üçün xoş xatirədir. Hansınısa fərqləndirə bilmərəm. Ümumilikdə ölkə çempionatında 50-dən çox qol vurmuşam. Yaxşı qol duyumum vardı. Gəlirdi, vururdum(gülür). Onda qol vurmaq daha çətin idi. Çempionatda yaxşı müdafiəçilər oynayırdı. Əvvəlki hücumçular indi nə gəzir? O dövrdə elə futbolçu vardı ki, topu götürürdü, 2-sini, 3-ünü keçib nəsə yaradırdı. Məsələn, Samir Ələkbərova top gələndə biz bilirdik ki, o ya qol vuracaq, ya da qol ötürməsi verəcək. İndi var eləsi?
- Yoxdur?
- Messini, Ronaldonu demirəm(gülür), bizimkiləri deyirəm, əlbəttə yoxdur. Futbolumuz ola bilər ki, inkişaf edib. Çünki indi stadionlar var, şərait yaxşıdır, idmana pul qoyulur. Amma istedadların üzə çıxması baxımından 90-cı illərə çox uduzuruq.
- Messi ilə Ronaldonun adını çəkdiniz(sualı sona çatdırmağa imkan vermir).
- Birmənalı şəkildə Messi. Argentinalı əsl futbol virtuozudur. O dahidir!

- Qurban Qurbanovun istedadları olmayan ölkəmizin yığmasına uğur qazandıracağına inanırsınız?
- O bir məşqçi kimi "Qarabağ"da öz sözünü deyəndən sonra milliyə dəvət edildi. Onun üslübunu çox bəyənirəm. Mənim fikrimcə, onun yığmaya xeyri dəyəcək. "Qarabağ"ı isə bundan sonra nə gözləyir, onu deyə bilmərəm. Çünki iki yerdə eyni güclə çalışmaq çox çətindir. Təbii ki, ona vaxt lazımdır. Zaman keçdikcə, hər şey yaxşı olacaq.
- Vüqar, futbolla bağlı unuda bilmədiyin xatirən hansıdır?
- Bir dəfə vacib qarşılaşmaya çıxırdıq(Hansı matç olduğunu xatırlamadı - A.Ə). Formaları geyinib meydançaya çıxanda gördüm ki, komanda yoldaşlarım arxadan məni səsləyir. Dönüb baxanda gördüm ki, hamısı formamı tərs geyindiyimə işarə edərək gülürlər. Baxdım ki, nömrə sinəmdədir(gülür).
- Elə bu?
- Yox, biri də var. Onu da heç vaxt unutmaram. Bir dəfə Bərdədə yerli komanda("Pambıqçı" - A.Ə) ilə oynayırdıq. Meydançanın kənarlarında toyuq hinləri vardı. Oyun gedə-gedə toyuqlardan biri stadiona qaçdı. Bizim futbolçulardan birinin vurduğu zərbə həmin toyuğa dəydi. Toyuq "nasmert" öldü(gülür). Toyuğun sahibi onu öldürürdü. Zorla sakitləşdirdik.
Söhbətləşdi: Araz Əhmədov
Fotolar: Alpay