“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın ingiltərəli futbolçusu Cek Qrilişin az oynama səbəbini açıqlayıb.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Qrilişin əla futbolçu olduğunu bildirib:
“Yeganə səbəb mənəm. Qriliş əla futbolçudur, ancaq komandada rəqabət çox güclüdür. Son mövsümdə Ceremi Doku bir çox oyunda sadəcə möhtəşəm idi, Savio isə cəmi bir mövsümdə inanılmaz inkişaf etdi”.
Buna baxmayaraq, Qvardiola Qrilişin keyfiyyətinə şübhə etmədiyini vurğulayıb və onun “Mançester Siti”nin üçlü titul qazanmasında mühüm rol oynadığını söyləyib.
29 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 32 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.