“Almaniyada həmişə özümü olduğumdan fərqli göstərməli olduğumu hiss edirdim”. Newsport.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Coy-Lens Mikels Almaniya mətbuatına açıqlamasında deyib.
Mönhenqladbax “Borussiya”sının yetirməsi olan 32 yaşlı futbolçu UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oyunöncəsi Almaniyadakı günlərini yada salıb: “Almaniyanın aşağı liqalarında çıxış edərkən hətta yanğınsöndürən olmağı da düşünürdüm. İnsanları xoşbəxt etmək və onlara kömək etmək istəyirəm. Düşündüm ki, bəlkə də mənim üçün uyğun peşə budur”.
Mikels Azərbaycanda yaxşı gəlir əldə etdiyini də gizlətməyib: “Azərbaycanda çox xoşbəxtəm. Burada bəzi Bundesliqa futbolçularından daha çox qazanıram. Niyə Bundesliqaya gedim ki? Üstəlik, qazancımı xalis şəkildə alıram. Amma Mönhenqladbax “Borussiya”sına gedərdim. Hətta daha az pul qazansam belə. Çünki ora mənim evimdir”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq.