“Qarabağ” və Azərbaycan İdman Akademiyasının birgə proqramı başa çatdı

“Qarabağ” və Azərbaycan İdman Akademiyasının birgə həyata keçirdiyi “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” başa çatıb.

Azərbaycan İdman Akademiyası (ASA) və “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimi keçirilib. Tədbirdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.

“Azərbaycan futbolunun inkişafında məşqçilərin nəzəri və praktiki hazırlığı ilə yanaşı, pedaqoji səriştələrinin artırılması da mühüm rol oynayır. Bu istiqamətdə təşkil olunan proqramlar mütəxəssislərə mövcud vəziyyəti təhlil etmək, çatışmazlıqları müəyyənləşdirmək və gələcək fəaliyyətlərini planlaşdırmaq imkanı yaradır”. Bu fikirləri rektor Fuad Hacıyev səsləndirib.

Rektor Azərbaycan futbolunun inkişaf perspektivlərini müəyyənləşdirmək üçün mövcud durumun hərtərəfli araşdırılmasının və beynəlxalq təcrübə ilə müqayisəli təhlilin vacibliyini vurğulayıb. O bildirib ki, futbol cəmiyyətə təsir imkanları ilə seçilən, insanların əhval-ruhiyyəsində mühüm yer tutan idman sahəsidir. Bu səbəbdən, gələcək nəslin futbolçularının yetişdirilməsində məşqçilərin məsuliyyəti böyükdür. Onlar yalnız idmançıların fiziki və texniki hazırlığına deyil, həmçinin pedaqoji yanaşmalara və fərdi keyfiyyətlərin inkişafına da önəm verməlidirlər.

Hacıyev idmançıların hazırlıq prosesində müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, beynəlxalq təcrübədə həkimlər, psixoloqlar, fiziki hazırlıq üzrə mütəxəssislər, analitiklər və digər peşəkarlar komandaların fəaliyyətində mühüm yer tutur. Bu mütəxəssislər idmançıların fiziki və psixoloji durumunu qiymətləndirir, onların potensialının daha dolğun üzə çıxmasına və məşq prosesinin effektiv qurulmasına dəstək göstərirlər.

Rektorun sözlərinə görə, Azərbaycanda da bu sahədə inkişaf üçün imkanlar var. İdmançıların funksional vəziyyətinin yoxlanılması, göstəricilərinin təhlil edilməsi və fərdi hazırlıq proqramlarının düzgün tərtibi idman nəticələrinin yüksəldilməsinə müsbət təsir göstərə bilər.

Daha sonra ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva tərəfindən təlim proqramı haqqında təqdimat edilib, Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə proqramın nəticələri barədə hesabatla çıxış edib. Tədbir çərçivəsində proqramın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda proqramı uğurla başa vurmuş futbol məşqçilərinə sertifikatlar təqdim edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right