Ən səs-küylü dünya çempionatlarından biri 2022-ci ilin qışında Qətərdə keçiriləcək.
Qətərin DÇ-yə ev sahibliyini qazanması böyük söz-söhbətə səbəb oldu.
Dünya mətbuatı korrupsiya hallarından yazdı, FİFA-da əməliyyat aparıldı. Üstəlik, dünya çempionatının qışda keçiriləcəyi də təəccübə səbəb oldu. Bir sözlə,
Qətərdəki mundial dünya tarixinin ən bahalı çempionatı olacaq. İlkin məlumata görə, bunun üçün 200 milyard xərc çəkilib.
FİFA-nın mövqeyi belədir: Futbolun daha da inkişaf etdirilməsi, populyarlaşması üçün mundial müxtəlif regionlarda keçirilməlidir.
Əsas problemlərdən biri isə odur ki, mundial üçün tikilən stadionlar sonradan yararsız duruma düşür. Böyük stadionların saxlanması üçün böyük xərc tələb edilir.
Onu da nəzərə alaq ki, dünya çempionatını qəbul edən ölkələrdə yerli çempionatın oyunlarına maraq artmayıb. Bunu CAR-da, Braziliyada və Rusiyada keçirilən çempionatlardan sonra müşahidə etmişik.
Məsələn, CAR-da mundial üçün tikilən 70 minlik “Mozes Mabida” arenası 450 milyon avroya başa gəlib. Bu stadionda Almaniya – İspaniya yarımfinal qarşılaşması baş tutub. Hazırda arenanı “AmaZulu” klubu icarəyə götürüb və hər qarşılaşmaya maksimum 4-5 min azarkeş gəlir.
Braziliyada 40 minlik “Amazoniya” stadionunun tikintisinə 300 milyon avro xərclənib. Stadion mənzərəli yerdə - okeanın kənarında salınıb. İndi bu arenadan 4-cü liqa klubu istifadə edir.
Təbii ki, stadionun heç 30 faizi də dolmur.
Eyni situasiya Rusiyada da yaşandı. Mundial üçün tikilmiş 3 stadionu Rusiya çempionatının əsas liqasında klubu olmayan şəhərlərə hədiyyə etdilər. amma nəinki həmin stadionların, heç “Lujniki”nin də xərcini çıxartmaq mümkün deyil.
Belə bir durumda Qətərin vəziyyəti heç də yaxşı sayılmamalıdır. Bir halda ki, Braziliya, Rusiya kimi nəhəng ölkələrdə stadionların xərcini çıxartmaq müşküldür, cəmisi 3 milyon əhalisi olan ölkədə bunu necə edəcəklər?
Buna görə də hələ hazırlıq mərhələsində təşkilat komitəsi 2 məsələni həll etməliydi:
1. Turnirdən sonra əlavə yerlərdən necə səmərəli istifadə etmək olar.
2. Dünya Kubokundan sonra stadionların rentabelliyinə necə nail olmalı.
Bu problemi modul tipli layihə ilə həll etməyi planlaşdırdılar. Mundialdan sonra, demək olar ki, bütün stadionların yuxarı hissələri söküləcək. Dünya çempionatından sonra 170 min oturacaq söküləcək və Afrikadakı kasıb müsəlman ölkələrinə hədiyyə olunacaq.
Stadionlarla bağlı layihələrin bir neçəsi ilə tanış olaq: “Edyukeyşn Siti”nin tutumu 40 mindən 20 minə endiriləcək və tələbə cəmiyyətinə veriləcək. “Al-Canub” arenasının da tutumu 20 minə endiriləcək və çoxfunksiyalı spa-mərkəzə çevriləcək.
Hər iki yarımfinal qarşılaşmasını qəbul edəcək “Al-Bayt” mundialın əsas arenalarından sayılır. Bu stadionun tutumu 60 mindən 32 minə salınacaq. Oturacaqları sökülən yuxarı yarusda isə otel və butiklər olacaq.
“Ras-Abu-Abud” stadionu isə Fars körfəzinə möhtəşəm mənzərəsi olan yerdə salınıb. Bu arenanın tikintisi zamanı yük konteynerlərindən istifadə olunub.
Konteynerlər Çindən gətirilib. Mundiualdan sonra arena tam söküləcək və Afrika ölkələrindən birinə veriləcək. Stadionun belə tikintisi həm ucuz başa gəlir, həm də ekoloji cəhətdən uyğundur.
Mundial üçün tikilmiş ən böyük stadion “Lusail İkonik”dir. Bu arena yeni salına şəhərdə tikilib. Şəhərin əhalisi heç 45 min deyil, amma stadionun tutumu 80 mindir.
Mundialdan sonra stadionun tutumu 4 dəfə azaldılacaq. Aşağı hissələrdə oturacaqlar qalacaq. Amma yuxarı hissədə yeni həyat başlayacaq.
Arenanın qərb hissəsində məktəb, şərq hissəsində poliklinika yerləşəcək. Sökülən hissələrdə restoranlar, butiklər qurulacaq, məscid tikiləcək. Üstəlik, mənzillər də salınacaq.
Eyni rasional yanaşma otellər məsələsinə də təsir edəcək. Qətər Dünya Kubokundan sonra ölkəyə lazım olacaq qədər otel tikəcək. Mundial zamanı isə azarkeşlərin bir hissəsi müvəqqəti çadır düşərgələrində yerləşəcək.
2020-ci ilin yayında Təşkilat Komitəsi FİFA-ya bildirdi ki, infrastrukturun 90 faizi hazırdır. Böyük ehtimalla, mundialın başlamasına bir il qalmış bütün arenalar hazır olacaq.
SPORTİNFO.AZ