“Real”ın türkiyəli futbolçusu Arda Gülərin illik maaşı ikiqat artırılacaq. İspaniyanın “Larazon” nəşrinin “Capology” platformasına istinadən yaydığı məlumata görə, 20 yaşlı yarımmüdafiəçinin 2025/26 mövsümündəki 5,21 milyon avroluq sabit maaşı növbəti mövsümdən 10,42 milyon avroya çatacaq.
Bununla yanaşı, Ardanın bonuslarında da artım olacaq. Bütün bonusları qazanacağı təqdirdə türkiyəli futbolçunun illik gəliri 13,02 milyon avroya yüksələcək.
Qeyd edək ki, bu mövsüm Madrid klubunun heyətində 14 oyuna çıxan türkiyəli futbolçu 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri 100 milyon avro qiymətləndirilir. Arda dünyanın ən bahalı futbolçuları siyahısında 22-ci yerdədir.