“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş həbsdə olduğu dövrdə futbol oynadığı illərlə müqayisədə özünü daha xoşbəxt hiss etdiyini bildirib.
O, “Goal” nəşrinə açıqlamasında belə deyib:
“Tanrının köməyi ilə futbolda milyonlarla avro qazanırdım. Amma həbsxanada 113 avro qazanarkən futboldan milyonlar əldə etdiyim vaxtdan daha xoşbəxt idim”.
43 yaşlı braziliyalı həbsdə olduğu müddətdə təmizlik işləri ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, dini inancı pula və uğura münasibətini dəyişməsinə kömək edib.
Xatırladaq ki, Alveş 2023-cü ilin yanvarında cinsi zorakılıq ittihamı ilə həbs olunub. 2024-cü ilin fevralında 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, həmin ilin martında 1 milyon avro girov müqabilində, təxminən 14 aylıq həbsdən sonra azadlığa çıxıb. 2025-ci ilin martında Kataloniya Ali Məhkəməsi hökmü ləğv edərək ona bəraət verib.
Karyerası ərzində “Barselona” ilə üç dəfə Çempionlar Liqasının qalibi olan Alveş Braziliya millisi ilə iki dəfə Amerika Kubokunu qazanıb.