Ekvadorun 3-cü liqasında futbolçu köməkçi hakimə daş ataraq onu ağır yaralayıb.
Hadisə oktyabrın 17-də “Siudad de Yantzaza” ilə “Rio Aquariko” arasında keçirilən matçın 90+6-cı dəqiqəsində baş verib.
Ev sahibi komandanın futbolçusu Con Perlasa daşla köməkçi hakim Lenin Covanni Oheda Nunesin üzünə zərbə endirib. Əməliyyat olunan hakimin bərpası üçün təxminən 60 gün tələb olunur.
Hadisədən sonra Perlasa 8 il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb. O, 2034-cü il oktyabrın 19-dək futbol təşkilatlarında iştirak edə bilməyəcək. Ekvador Futbol Federasiyası cəzanın beynəlxalq səviyyədə də tətbiqi üçün FIFA-ya müraciət edəcək.
Bundan başqa, “Siudad de Yantzaza” 2 min dollar cərimələnib və hakimin müalicə xərcləri üçün 4 369,73 dollar ödəməli olacaq. Beləliklə, klubun ümumi maliyyə cəzası 6 369,73 dollar təşkil edib. Klub rəhbərliyi hücumu pisləyərək Perlasa ilə müqaviləyə xitam verildiyini açıqlayıb.