UEFA Çempionlar Liqasında “Qarabağ”la, Premyer Liqanın növbəti turunda isə “Mançester Siti” ilə qarşılaşacaq “Nyukasl” heyətlə bağlı ciddi problemlər yaşayır.
Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Eddi Hau qarşıdakı görüşlərdə bəzi futbolçuların xidmətindən məhrum olacaq.
Son matçı buraxan hücumçu Yoane Vissa və müdafiəçi Sven Botmanın durumu sual altındadır. Onların “Mançester Siti” ilə görüşə hazır olmaları üçün “Qarabağ”la Bakıdakı matçı buraxmaları istisna edilmir.
Yarımmüdafiəçi Bruno Gimaraeş təxminən 2 aylıq sıradan çıxıb. Son 4 qarşılaşmada iştirak etməyən gənc yarımmüdafiəçi Lyuis Maylzın Bakıdakı oyunda iştirak edib-etməyəcəyi də qeyri-müəyyəndir. Qasıq nahiyəsindəki zədəsini sağaldan yarımmüdafiəçi Joelintonla bağlı qərar son anda veriləcək.
Topuğundan əməliyyat olunan müdafiəçi Fabian Şar təxminən aprelin ortalarında yaşıl meydanlara qayıda biləcək. Digər arxa xətt oyunçusu Tino Livramento məşqlərə başlasa da, martın ortalarından tez kollektivə kömək edə bilməyəcək. Emil Kraftın isə ağır diz zədəsindən sonra qayıdış tarixi hələ məlum deyil.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.