Braziliyalı vinger Vinisius Juniorun “Real”dakı vəziyyəti hələ də qarışıq olaraq qalır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, insayder Fabrizio Romano, futbolçunun klub rəhbərliyinə “Real”dan ayrılmaq istədiyini söyləməsi haqda deyilənləri yalanlayıb:
“Bildiyim qədəri ilə, belə bir şey baş verməyib. Vinisius sadəcə olaraq müntəzəm olaraq oynamaq istədiyini və özünü əvəzedici kimi hiss etmək istəmədiyini açıq şəkildə bildirib”.
Mətbuat daim braziliyalı futbolçunun baş məşqçi Xabi Alonso ilə münaqişəsi barədə fərziyyələr irəli sürür. 25 yaşlı futbolçunun hətta klub prezidenti Florentino Peresin ispan məşqçini postundan uzaqlaşdırmayacağı təqdirdə, müqaviləsini yeniləməyəcəyi haqda da xəbərlər yayılıb. Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.