Aftandil Hacıyev: "Layiqli qələbə qazandıq"

"Səbail" Azərbaycan Premyer Liqasının 3-cü turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında baş məşqçi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:

"Bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Yurgen Qoxa ağrılarla oynayırdı, Cabir Əmirli dünən məşq etməmişdi. Buna baxmayaraq futbolçular meydanda planlaşdırdıqlarımızın hamısını yerinə yetirməyə çalışdılar. Yaxşı oynadıq. "Sumqayıt"ı da təbrik etmək istəyirəm. Ayxan Abbasov böyük iş görüb. Bu gün "Sumqayıt"ı asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı itirə də bilərdik. "Sumqayıt"ın qapımızda qol epizodları oldu. Amma ümumən topu özümüzdə yaxşı saxlaya bildik. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün irəli baxmalıyıq. Bu gün vacib 3 xal qazandıq. Sevinməyə çox vaxtımız yoxdu. Çətin Qəbələ səfərimiz var. "Qəbələ" də oyunu ilə göstərdi ki, Avroliqa iddiası var. 

- Ədilxan Qarəhmədov, Ruslan Hacıyev kimi futbolçuların  oyununda sanki, irəliləyiş var. Siz necə düşünürsüz?

- Bu futbolçular artıq 3 ildir bizimlədir. Əvvəlki illərdə az şans qazanırdılar. Bu il planımızda gənclərə daha çox şans vermək var. Elton Elbəyli, Elmir Tağıyev və başqa I Diviziondan heyətə qatdığımız futbolçular var ki, gələcəkdə onlara şans verəcəyik. Bu il qarşımızda olan məqsədlərdən biri də gənc futbolçuları inkişaf etdirib futbolumuza qazandırmaqdı.

- "Səbail" Kamran Ağayevdən hər hansı fayda götürür?

- Kamran fasilədə barmağından zədə alıb. Ona görə hazırlıqdan kənarda qalmışdı, yoxlama oyunlarında da iştirak etmədi. Bu gün Elxan Əhmədova şans verdik. Ondan başqa gənc qapıçı da var. Qapıda rəqabətimiz var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah