“2025-ci ildə özümü “Qalatasaray” və ya “Barselona”da görürəm” Mahir Emreli

“Baş məqşçimiz Çeslav Mixneviç açıq insandır, onda qalib gələn düşüncə tərzi var”.

Newsport.az saytının məlumatına görə, bunu “Legiya”nın yeni transferi Mahir Emreli klubun rəsmi instaqram hesabında canlı yayım zamanı deyib.

Azərbaycan millisinin forvardı baş məşqçinin futbolçularla daim ünsiyyətdə olduğunu  söyləyib: “Oyunçularla çox yaxşı ünsiyyət qurur, hamı onu sevir. Bu, futbolçular üçün çox vacibdir. Əlbəttə, meydanda və ondan kənarda nə etməyiniz önəmlidir. Belə insan üçün meydanda ürəyinizi verə bilərsiniz”.

24 yaşlı ön xətt oyunçusu “Başqa hücumçu ilə yan-yana oynamağı, yoxsa irəlidə tək çıxış etməyi üstün tutursunuz” sualını bu cür cavablandırıb: “Bu, komandanın necə oynamasından asılıdır. “Qarabağ”da olanda hücumda tək çıxış etmək mənim üçün daha asan idi. Mənə köməklik göstərən yaxşı cinah oyunçularımız var idi. “Legiya”da bir az fərqli oynayırıq. Hər gün daha çox öyrənəcəyəm. Oynadığım yoxlama görüşündə digər hücumçu ilə yan-yana özümü rahat hiss etdim”.

Maraqlıdır ki, Emreliyə anası Elnurə Emreli də sual ünvanlayıb. Anası özünün, yoxsa klubun aşpazının yeməklərinin daha dadlı olduğunu soruşub. Futbolçu bu suala cavab verməyin çətin olduğunu vurğulayıb: “Diplomatik cavab verəcəyəm. Ənənəvi Azərbaycan yeməklərindən danışanda anamın hazırladıqları prioritetdir. Bununla birlikdə idmançılar üçün faydalı yeməklərdən danışırıqsa, klubun aşpazını göstərəcəyəm”.

Mahir “Legiya”ya keçməzdən əvvəl klubun azarkeşlərinin iştirak etdiyi videolara baxdığını deyib: “Belə bir atmosferdə olmaq istərdim. “Legiya” fanatlarının stadionda şou göstərdiklərini eşitmişəm. Düzü, burada olduğum birinci gündən azarkeşlərin önündə oynayacağım ilk matçı, qol vurmağımı və birlikdə əylənməyimizi səbirsizliklə gözləyirəm”.

O, 5 sevimli klubunun adlarını da açıqlayıb: “Gənc yaşlarımda ilk olaraq “Qalatasaray”ın oyunlarını izləmişəm. Həmçinin “Barselona”nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə “Mançester Siti”, “Bavariya” və PSJ-dir. Çempionatlardan İspaniya La Liqasını sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm”.

Millimizin üzvü “2025-ci ildə özünüzü harada görürsünüz” sualı qarşısında gələcək hədəfindən söz açıb: “Əlbəttə, bu beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır”.

Mahir Emreli “Legiya”ya keçidinin necə alındığını da söyləyib: “Varşava klubunun mənimlə maraqlandığını transferdən bir ay əvvəl öyrəndim. Düzdür, təkliflər çox olduğundan, qərar vermək çətin idi. Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan “Qarabağ”da oynamışam. Kuboklar uğrunda mübarizə aparan komandada olmaq istəyirdim. Buna görə “Legiya”nı seçdim. Bu, tarixi klubdur. Avrokuboklar uğrunda mübarizə aparmaq mənim üçün vacib idi”.

Qeyd edək ki, Mahir Emreli bu yay “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right