Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belarusla yoxlama oyunu barədə fikirlərini bildirib.
Newsport.az- ın məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında 2:1 hesablı qələbəni belə şərh edib:
“Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu. Xüsusən, qol epizodunda böyük səhv buraxdıq. Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib.
3 gün öncə Bədavi ilə söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldı ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdı. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı.
O ki qaldı debüt edən və sonradan oyuna daxil olan oyunçulara, çox yaxşı təsir bağışladılar. Onlardan çox razı qaldım. Onlar bizim gələcəyimizdi”.