Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun finalı çərçivəsində keçirilən "Keşlə" - "Sumqayıt" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az PFL rəhbərinin müsahibəsini təqdim edir:
- Ümumilikdə Azərbaycan futbolu üçün mövsümü necə dəyərləndirərdiz?
- Keçən mövsüm pandemiya ilə bağlı yarımçıq dayandırıldı. Şükürlər olsun ki, bu il belə olmadı. Layiqli komandalar layiqli yerlərdə qərarlaşdılar. Onlara avrokuboklarda uğurlar arzu edirik. İnşallah, püşkatmada bəxtləri gətirər, münasib rəqiblər düşər. Komandalarımızın bu mövsüm bizi sevindirməsini istəyirik.
- Kubokda və ya çempionatda sizin üçün sürpriz komanda çempion olmadı ki?
- Oyundan qabaq Riyada ("Sumqayıt"ın prezidenti Riyad Rəfiyev - red) demişdim ki, uşaqları çox yorma! Onsuz da “Keşlə” qalib gələcək.
- Bu əminlik haradan idi?
- Vallah, bilmirəm. “Neftçi” Qarabağ” matçından əvvəldə demişdim ki, “flaqman” qalib gələrək çempion olacaq.
- Qəlbinizdə “Neftçi” sevgisi olduğuna görə belə düşünürdüz?
- Qurbana da, “Qarabağ”a da böyük hörmətim var. Sadəcə hisslərim belə demişdi. Hər kəsin ürəyində komanda olur. 8 komandanın hamısını ürəyimdə saxlaya bilmərəm ki. Özü də bilirsiz ki, ürəyimdən əməliyyat olmuşam. Artıq yüklənmə olmaz. “Neftçi”di də...
- Mövsümü azarkeşsiz başa vurmaq asandı idi?
- Azarkeşlə yaxşı olur ki, stadionda qalmaqallar çox olur. Oyunlar daha maraqlı olur. Büdcəyə daha çox, pul gəlir. Sözsüz ki, hər iki oyunda azarkeşin olmaması məni çox üzdü. Amma gərək qaydalara əməl edək. Özbaşına deyilik. İlk növbədə insanların sağlamlığını düşünürük. İndi deyəcəklər ki, stadionlarda adamlar var idi. Onlar qazilərimiz, futbolçuların ailələri idi. Vətənimiz uğrunda canından keçənlərə yox deyə bilməzdik. Həmin şəxslər bizim baş tacımızdı. Sözsüz ki, istərdim ki, stadion tam dolu olsun. Belə alındı nə etmək olar. Gərək qərarla razılaşaq. İnşallah, gələn il əmin-əmanlıq olsun, hər şey əla olacaq.
- İşğaldan azad olunan ərazilərimiz var. Gələcəkdə oralarda klublar fəaliyyət göstərə bilərmi?
- Bu barədə məlumatlar var. Elə düşünməyin ki, mən Rövnəq müəllim, Elxan bəyi nəzərdə tuturam. Deyərdim ki, futboldan kənar yuxarı şəxsləri nəzərdə tuturam. Ancaq vəzifəli şəxslərdən eşitmişəm ki, hər bir rayonun öz klubu olmağı məsləhətdi. Stadionların tikilməsi ilə bağlı da məlumatlarımız var. İndi bəlkə də düşünərlər ki, azarkeşləri sevindirmək üçün belə deyirik. Amma həqiqətən də belə deyil. Cənab prezident buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaranacaq. Yəqin ki, bu şəhərin stadionu da olacaq. Ağdamda da yüzdəyüz olmalıdı. Kəlbəcərdə əvvəllər uşaqlar var idi ki, klub yaratmaq istəyirdilər. Qubadlıdan dəfələrlə istəyənlər olub. Bərdənin özündən əvvəllər ABN var idi. Bunların olmağı çempionata işıq saçar. Daha maraqlı olar futbolçular bölgələrə gedərlər. Bundan sonra hər bölgədən 1-2 futbolçu çıxsa, bizim oyunçuya ehtiyacımız olmaz.
- Lisenziyalaşdırma Komissiyası heç bir kluba Premyer-liqada iştirak etməyə icazə vermədi. Lakin yekun qərar İcraiyyət Komitəsinin iclasından sonra veriləcək. 1 faiz ehtimal varmı ki, gələn mövsüm çempionatda 10 komanda iştirak etsin?
- Birinci Divizionun mükafatlandırma mərasimində bildirdim ki, vaxtı ilə mənə sual vermişdilər ki, əgər “Xəzər Lənkəran” qayıdarsa, mübarizəyə Birinci Diviziondan başlayacaq, yoxsa Premyer Liqadan? Sözsüz ki, qaydalar Birinci Diviziondan başlamasını tələb edir. Mən cavab vermişdim ki, bütün məsuliyyəti üzərimə götürüb, qanunsuzluq edib, həmin komandanı Premyer Liqaya buraxmağı özümə borc bilərəm. Bundan da şərəf duyaram. Çünki bölgələrdə komandaların olmağı daha məsləhətdi. Bu gün də düz qeyd edirsiz ki, klublar lisenziya almasalar belə, yekun qərarı İcraiyyə Komitəsi verəcək. Əgər o vaxta qədər doğrudan da sponsor tapılarsa, yenidən nəsə etmək olar. Həyatda düzəlməyən şey yoxdur. Hər şeyi yoluna qoymaq olar. Təki istək olsun. Bundan sonra hər şey etmək olar.
- “Neftçi” çempion olsa da, biz “Qarabağ”ın avrokuboklarda daha uğurlu çıxış etməsinə alışmışıq. Sizcə, “flaqman” bu uğurlu seriyanı davam etdirə biləcəkmi?
- Bu il çətin olacağını düşünürəm. Sözsüz ki, onlara uğurlar arzu edirəm. “Neftçi” hər birimizin sevimli komandasıdır. Hər birimiz körpəlikdə bu kluba azarkeşlik etmişik. Çətin olsa da, mübarizə aparmalıdılar. Bu, “flaqman”ın Çempionlar Liqasındakı oyunlarına qədər hazırlıq prosesindən asılıdır. Yeni futbolçuların cəlbi də burada əsas məsələdir. Hər şey transferlərdə və formalaşdıracaqları komandadan asılıdır. Bugünkü heyətlə uğurlu çıxış etməyəcəklərini deyə bilərəm.
- Çempionatın sponsoru haqda hansı yenilik var?
- Növbəti mövsüm üçün söz veriblər ki, olmalıdır. Pandemiya ilə bağlı söhbətlərimiz alınmır. Sponsor nəyəsə maraq göstərib gəlir. Biz onların qoyduğu tələbləri yerinə yetirə bilmiriksə, niyə sponsor olsunlar ki?
- Belə başa düşdük ki, tələblərdən biri azarkeşlərlə bağlıdır...
- Həm tamaşaçılar, həm də reklamlar burada əsas rol oynayır. Onun da hansısa marağı var. Bizə havayı kim pul verər ki?
- AÇ-2020-in 4 oyununun ölkə futboluna müsbət mənada hansı təsiri ola bilər?
- Ən azından ölkədə futbol izləyən azarkeşlərin sayı artar. Körpələr, gənclər dünya şöhrətli futbolçuları görərlər. Futbol onlar üçün daha maraqlı olar. Bu oyuna həvəs göstərənlərin sayı çoxala bilər.