Rəşad Sadıqov: Mənə bir kuboka görə hörmət olunacaqsa...

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
 
Newsport.az xəbər verir ki, o, məğlub olduqları (2:3, ilk oyun 2:1) oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyun haqqında çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən və sonra baxasan ki, oyunda nələr baş verib. Uşaqların alnından öpürəm, onları bağrıma basıram. Futbolçularımla qürur duyuram. Bu gün meydanda istədiyim komandanı gördüm. Onların 10 nəfərlə hücuma atılmaları, qol epizodu yaratlmaları təqdirəlayiqdir. Mənim görmək istədiyim "Zirə" budur. Komandamın gələcəyi var, daha yaxşı işlər görəcəyik.
 
Mən necə özümdən çıxdım? Baş hakimə bildirdim ki, penalti yoxdur, belə penalti vermirlər. Futbolçuların əziyyətinə heyfim gəlir. Bu məsələlərin kökündə nələrin durduğunu bilmirəm. Çox dərin məsələyə oxşayır. Çempionatda bizim xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var. Qapımıza verilən haqsız penaltilərin sayı bir deyil, iki deyil. Hansı birindən danışaq? Bilmirəm ki, bunun arxasında nə dayanır?
 
Qırmızı vərəqə almağıma gəlincə, həqiqətən mənə də çox maraqlıdır. Texniki zonanı pozmuşamsa, sarı vərəqə versin. Mənə niyə qırmızı verdi? Bir kəlmə artıq söhbət işlətməmişəm. Sadəcə, demişəm ki, penalti yoxdur. Cərimə meydançasında hər toqquşma qırmızı vərəqə deyil. Bilmirəm nə şərh bildirəm. Məsələ bizim avrokuboka düşməyimizdirmi? Getsək və ya getməsək, nə olacaq? Kuboku qazansam və ya qazanmasam, nə olacaq? Mənim üçün dəyişən bir şey yoxdur. Heç nə olmayacaq. Alınmasa, Rəşad dəyişilir və ya hörməti azalır? Mənə bir kuboka görə hörmət olunacaqsa, mən elə hörmət istəmirəm”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah