"Sanki hər şey bizə qarşı idi" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bir xal qazandıq. Oyunda düşünmədiyimiz zədələr oldu. Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Məğlub da ola bilərdik. Sanki hər şey bizə qarşı idi.

Aftandil Hacıyevi təbrik edirəm. Futbolçularımı da təbrik edirəm ki, sonadək oyundan qopmadılar və bir xal qazandıq. Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündən zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdəndir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük”.

Qurbanov, klubun planlarından da danışıb: “Klub rəhbərliyi illərdir sabit büdcəni qoruyub saxlayır. Rəhbərlik bu adı sevir, bu ad üçün “Qarabağ”ı saxlayır. Hamı çox gözəl başa düşür ki, nəticəni istədiyiniz kimi əldə edə bilmirsən. Rəhbərliyin futbolla bağlı təcrübəsi çoxalıb. Birinci məqsəd klubu layiqincə yaşatmaqdır”.

Baş məşqçi, bu gün çoxlu qol imkanlarının yarandığını söyləyib: “Hər klub “Qarabağ”a qarşı böyük motivasiya ilə oynayır. Bir neçə topumuz dirəyə dəydi. Əslində belə nəticələrə sevinirəm. Klubların bizdən və “Neftçi”dən xal almağı futbolun inkişafı deməkdir. Qalib gəlmək gücündə idik, amma alınmadı. Gərginlik həmişə var. “Səbail”ə qalib gəlmək istəyirdik, amma alınmadı. Bəzən futbolçuları hazırlasaq da, həyəcan olur”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah