Qərb Regional Futbol Federasiyasının prezidenti, “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevin “FutbolPress”ə müsahibəsi...
- Bir müddət əvvəl Tovuzda akademiya fəaliyyətə başladı. Hazırda işlər necə gedir?
- Hər şey qaydasında, öz axarı ilə gedir.
- Son olaraq akademiyaya avtomobillər verildi. Daha hansı çatışmazlıqlar var?
- İki ədəd yeni avtomobil verilib. Yəqin ki, bundan sonra avtobus alınar. Çünki akademiyada avtobusa ehtiyac var.
- Aşağı yaş millilərinin Tovuzda toplanış keçməsi ilə bağlı xəbərlər tez-tez çıxır. Ancaq akdemiyada əsas məqsəd, təbii ki, istedadlı uşaqların üzə çıxarılmasıdı. Bu istiqamətdə hansı işlər görülür, nələr planlaşdırılır?
- Bazadan əsasən əsas komanda və milli komandalar istifadə edir. Pandemiya ilə əlaqədar uzun müddət məşqlərə ara vermişdik. Bu ayın axırı, martın əvvəlində akademiyaya seçimlər olacaq. Regionda olan istedadlı uşaqları seçib, akademiyaya qəbul edəcəyik.
- Akademiyanın fəaliyyəti yəqin ki, yalnız Tovuzla məhdudlaşmayacaq. Bütün region üzrə görməyi planlaşdırdığınız işlər, strategiya müəyyənləşdirilibmi?
- Artıq ümumi regionu əhatə edən formatda fəaliyyətə başlamışıq. Bir müddət öncə Qərb Regional Futbol federasiyası adınan AFFA-ya “C” kateqoriyalı məşqçi kurslarının Tovuzda keçirilməsi ilə bağlı müraciət etdik. Federasiyada bu, müsbət qarşılandı. Hazırda kurslar davam edir. Demək olar ki, regionda Tovuzdan başqa heç bir rayonda kateqoriyası olan məşqçi yox idi. Bu kursların sayəsində kateqoriyaya yiyələnmək istəyənlərə şərait yarandı. Gələcəkdə də bütün regionu əhatə edəcək müxtəlif layihələr icra etməyi planlaşdırırıq.
- Daha əvvəl qərb bölgəsindən uşaqlar Qəbələyə, Bakıya üz tuturdu. Bundan sonra istedadlı uşaqları Tovuzda cəmləşdirmək mümkün olacaqmı?
- Doğru qeyd edirsiz. Əvvəllər regionda olan istedadlı uşaqlar məcburiyyətdən başqa şəhərlərə, digər klublara üz tuturdu. Ancaq indi hər cür şəraitimiz var. Akademiyanın açılmasından sonra əksər uşaqlar qayıtmaq istəyirlər.
- Tovuz Azərbaycan futbolunun məbədlərindən sayılır. Ancaq son illər sanki bir durğunluq yaranıb...
- Əvvəllər şəraitimiz bu qədər yaxşı deyildi. Ona görə də inkişaf istənilən səviyyədə olmurdu. İndi isə vəziyyət dəyişib. Qalır bundan maksimum istifadə etmək. İnanıram ki, akademiyada yaxşı futbolçular yetişəcək, Azərbaycan futboluna fayda verəcəklər.
- Adil Şükürovun akademiyaya rəhbər təyin ediləcəyi iıə bağlı xəbərlər var idi. Bu məsələ nə yerdədi?
- Müqavilə imzalanmayıb. Ancaq Adil Şükürovla demək olar ki, razılıq əldə olunub.
- Gələk “Turan Tovuz”a, baza tikilməsindən sonra klubun növbəti mövsüm Premyer Liqada çıxış edəcəyi ehtimalları artıb. Bununla bağlı vəziyyət nə yerdədi?
- Əlbəttə, istərdik ki, “Turan Tovuz” Premyer Liqaya yüksəlsin. Elitada oynamaq üçün hər bir şəraitimiz var.
- Lisenziya ala biləcəksiz?
- Premyer Liqada çıxış etmək üçün müraciət ünvanlamışıq. Maliyyə meyarından başqa bütün tələbləri yerinə yetirə bilirik. Ən ciddi məsələ budu. Əgər maliyyə problemi həll olunsa, lisenziya üçün maneə qalmayacaq.
- Bunun həlli üçün hansısa addımlar atılırmı, yoxsa digər bir çox klublarda olduğu kimi hər şey AFFA-nın maliyyə ayırıb-ayırmamasından asılıdı?
- Yalnız onu deyə bilərəm ki, komanda hazırda federasiyanın ayırdığı maliyyə ilə I Divizionda iştirak edir.
- Bütün məsələləri nəzərə alanda növbəti mövsüm “Turan Tovuz”un Premyer Liqada iştirak etmə ehtimalı nə qədərdi?
- Son illərdə I Divizionda iki dəfə çempion olmuşuq. Hər iki halda maliyyə dəstəyi olmadığı üçün Premyer Liqaya yüksələ bilmədik. Yenə deyirəm, bizim əsas problemimiz budu. 6 ildi “Turan Tovuz”da işləyirəm, bu müddət ərzində ciddi maliyyə dəstəyi verən olmayıb. Dəqiq bir söz demək çətindi. Maliyyə problemi həll olunsa, Premyer Liqada iştirak edəcəyik.
- Tovuz futbola marağın böyük olduğu bölgələrdəndi. Bu məsələ ilə bağlı yerli iş adamları, dövlət strukturları ilə danışıqlarınız olubmu?
- Bəzi imkanlı şəxslərlə görüşlərimiz olub. Ancaq heç bir nəticə əldə edə bilməmişik.
- I Divizionla Premyer Liqa arasında ciddi səviyyə fərqi var. Qeyri-idman problemləri aydındı, bəs bu “Turan Tovuz” elitada rəqabətədavamlı komanda ola bilərmi?
- İndiki komanda ilə Premyer Liqada oynamaq bizim üçün çox çətin olar. Ancaq dəyişikliklər edib, hətta yüksək yerlər uğrunda mübarizə aparmaq da mümkündü. İlk növbədə isə lisenziya məsələləri həll edilməlidi.