“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “Boka Xuniors”un sabiq futbolçusu Karlos Tevesin vida matçında iştirak edəcək.
Newsport.az xəbər verir ki, bu barədə “ESPN Argentina” məlumat yayıb.
“Adios Apache” adlanan tədbir dekabrın 20-də “La Bombonera” stadionunda keçiriləcək. Təşkilatçılar Messinin də bu qarşılaşmada iştirakını rəsmən təsdiqləyiblər. Matçın Argentina futbolu üçün böyük bayrama çevriləcəyi gözlənilir.
Messi və Teves uzun müddət Argentina millisində birlikdə çıxış ediblər. Onlar 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında da komanda yoldaşı olublar.
42 yaşlı Teves peşəkar futbolçu karyerasını hələ 2022-ci ildə başa vursa da, dünya futbolunun ulduzlarının iştirakı ilə möhtəşəm vida matçı keçirmək qərarına gəlib.
Daha əvvəl Argentina millisinin digər əfsanəvi futbolçuları Xuan Roman Rikelme və Serxio Aquero ilə yanaşı, başqa tanınmış oyunçuların da qarşılaşmada iştirak edə biləcəyi bildirilmişdi.