Asiya Çempionlar Liqasının 2-ci turunda keçirilən “Əl-Cəzirə” (BƏƏ) – “Qol Gohar” (İran) (1:0) matçında qalmaqallı hadisə baş verib.
Newsport.az "football360"a istinadən xəbər verir ki, görüşün baş hakimi, suriyalı Məhəmməd Xəttabın oyuna sərxoş vəziyyətdə çıxdığı iddia olunur.
Qarşılaşmanın 32-ci dəqiqəsində hakim “Əl-Cəzirə”nin qapıçısı Ərsin Dəstanogluna sarı vərəqə göstərib. Halbuki qapıçı qayda pozuntusu olan həmin epizodda iştirak etməyib. Təxminən 4 dəqiqə davam edən müzakirələrdən sonra Xəttab ehtiyat hakimlə söhbətin ardından qərarını dəyişərək vərəqəni ləğv edib.
“Qol Gohar”ın baş məşqçisi Mehdi Rəhmatı fasilədə referinin normal vəziyyətdə olmadığını bildirib. İran klubu hakimin dəyişdirilməsini tələb edib.
Nəticədə ikinci hissədə Xəttabı ehtiyat hakim əvəzləyib. Referinin alkoqol qəbul etdiyi iddia olunsa da, bu barədə hələlik rəsmi təsdiq yoxdur.
“Qol Gohar”ın baş məşqçisi Heydər Əfsari oyundan sonra açıqlamasında vəziyyətin hər iki komandanı təəccübləndirdiyini deyib: “Hakim normal vəziyyətdə deyildi. Hətta “Əl-Cəzirə”nin futbolçuları da bizə eyni şeyi dedilər. Rəqibin 77 nömrəli oyunçusu ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə almalı idi, lakin hakim vərəqəni qapıçının adına yazdı”.