Maliyyə baxımından çətin dövr keçirən “Marsel” mövsümün başlamasına həftələr qalmış ciddi gəlir itkisi ilə üz-üzə qalıb.
Newsport.az xəbər verir ki, bu barədə “Sportune” nəşri məlumat yayıb.
Xəbərə görə, Liqa 1 təmsilçisi 2026/27 mövsümü öncəsi iki əsas sponsoru ilə yollarını ayırıb. Klub “D’Or et de Platine” brendi və “Boulanger” mağazalar şəbəkəsi ilə müqavilələrin müddətini uzatmayıb.
Rəsmi tərəflər hələlik bu barədə açıqlama verməsələr də, hər iki brendin loqosunun “Marsel”in yeni mövsüm üçün təqdim edilən formalarından və reklam platformalarından çıxarılması əməkdaşlığın sona çatdığını göstərir.
“Boulanger” 2015-ci ildən Fransa klubunun tərəfdaşı idi və 2016-cı ildən formaların arxa hissəsində yer alırdı. “D’Or et de Platine” isə 2023-cü ildən komandaya sponsorluq edirdi. Müqavilələrin maliyyə təfərrüatları açıqlanmasa da, iki əsas sponsorun eyni vaxtda ayrılması “Marsel”in büdcəsinə böyük zərbə vuracaq.
Mənbə onu da əlavə edib ki, tərəflər arasında danışıqlar tam yekunlaşmayıb və sponsorluq müqavilələrinin yenilənməsi ehtimalı hələ də qalır.