Anar Hacıyevdən “Qarabağ”a vida: “Sağ ol, “Qarabağ”!”

“Qarabağ”ın sabiq mətbuat katibi Anar Hacıyev klubda keçirdiyi üç illə bağlı vida paylaşımı edib.

Newsport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Qarabağ”da son iş gününün oktyabrın 12-si olduğunu bildirib.

Anar Hacıyev paylaşımında klubda çalışdığı müddətdə qazandığı təcrübədən, qurduğu münasibətlərdən və birlikdə işlədiyi insanlardan söz açıb. O, klubun rəhbərliyinə, əməkdaşlarına və azarkeşlərinə təşəkkür edib.

Sabiq mətbuat katibinin paylaşımını təqdim edirik:

“Bazar ertəsi “Qarabağ”da son iş günüm idi.

İnsan bir dövrün içində olarkən onun nə vaxtsa xatirəyə çevriləcəyini düşünmür. Hər şey gündəlik həyatın standart axarında baş verir: bitməli olan işlər, cavab gözləyən mesajlar, uzanan müzakirələr, təxirə salınan və öz vaxtını gözləyən görüşlər və rutin məsələlər... Sonra bir gün təqvimdəki adi tarixlərdən biri sənin üçün xüsusi məna qazanır. Bu həftənin bazar ertəsi – oktyabrın 12-i mənim üçün elə günlərdən biri idi.

“Qarabağ”da üç il çalışdım. Futbolun özünəməxsus ölçüsü var: burada zaman təqvimlə yanaşı, mövsümlərlə, oyunlarla, səfərlərlə, 90+lərlə, bir neçə saniyəyə sığan hadisələrlə hesablanır. Arxaya dönüb baxanda üç ilin içində nə qədər fərqli həyat yaşadığını görürsən. Bəzi günlər yaddaşında nəticələrlə, hadisələrlə qalır, bəziləri isə o günün içində tanıdığın, danışdığın, çiyin-çiyinə çalışdığın insanlarla.

Bu illər ərzində çox şey öyrəndim. Amma ən qiymətli qazancın sadəcə hansısa uğurun yanında adının çəkilməsi, yaxud görülən işlərin siyahısı olmadığını düşünürəm. İnsanlarla qurduğun münasibətlər, yeni əməkdaşlıqlar, birlikdə keçdiyin çətinliklər, zamanla qazandığın baxış və bir gün yollarınız ayrılanda da hörmətini qoruduğun insanlardır əslində səninlə qalan.

Əlbəttə, hər şeyin ideal olması mümkünsüzdür. Onsuz da həyatın marağı bundadır. Hər kəsin eyni düşündüyü, hər qərarın asan verildiyi, hər günün rahat keçdiyi yerdə yəqin ki, öyrənmək üçün o qədər çox şey qalmazdı. Bu üç ilin mənə verdiklərini də, məndən aldıqlarını da öz təcrübəmin qızıl fondunun bir hissəsi hesab edirəm.

Birlikdə işlədiyim, yolumun kəsişdiyi, mənə güvənən və bu üç ili yadda qalan edən hər kəsə – xüsusilə Emrah Çelikelə, Qurban Qurbanova, Asif Əsgərova, ölkənin ən təcrübəli “Operation Team”inə, mehriban ofis kollektivinə, şəxsən tanımaq imkanı qazandığım “Qarabağ” azarkeşlərinə, “Qarabağ” ailəsinin əbədi üzvü Nurlan İbrahimova təşəkkür edirəm.

Bazar ertəsi “Qarabağ”dakı son iş günüm idi. Bu gün isə həmin üç il böyük sevgi və hörmətlə xatırlanmaqla yanaşı, artıq keçmiş zamanda yazılır.

Sağ ol, “Qarabağ”!





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right