Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı

Uruqvay Futbol Assosiasiyası yerli şirkətlə birgə futbol hakimlərinin istifadə etdiyi ənənəvi sarı və qırmızı vərəqələri, eləcə də qeyd dəftərini əvəz edə biləcək elektron cihaz hazırlayıb.

Newsport.az "El Espectador"a istinadən xəbər verir ki, mobil telefona bənzəyən kiçik cihaz vasitəsilə futbolçulara xəbərdarlıq etmək, onları meydandan qovmaq və oyunda baş verənləri qeydə almaq mümkündür. Toplanan məlumatlar elektron sistem vasitəsilə federasiyaya ötürülür.

“Virtual kartlar” adlandırılan cihaz kiçik ekran və iki düymə ilə təchiz olunub. Düymələrdən birinə basdıqda ekran sarı, digərinə basdıqda isə qırmızı rəngə çevrilir. Beləliklə, futbolçu hakimin əlindəki ənənəvi plastik vərəqə əvəzinə müvafiq rəngdə ekran görür.

Yeniliyin imkanları bununla məhdudlaşmır. Cihaz eyni zamanda elektron qeyd dəftəri funksiyasını yerinə yetirir. Hakim xəbərdarlıqları, meydandan qovulmaları, əvəzetmələri, penaltiləri və matçda baş verən digər hadisələri qeydə ala bilir. Məlumatların futbol assosiasiyasının rəsmi statistik məlumatları toplamaq üçün istifadə etdiyi COMET sisteminə dərhal ötürülməsi nəzərdə tutulur.

Hazırda hakimlər bu məlumatları qeyd edir, görüş başa çatdıqdan sonra isə protokola köçürürlər. Yeni cihaz bu prosesi avtomatlaşdırmağa və hesabatların hazırlanmasına sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Yenilik artıq Uruqvay kubokunda “Defensor Sportinq” – “Plaza Koloniya” matçı zamanı sınaqdan keçirilib. Lakin problem yaranıb. Montevideodakı “Luis Fransini” stadionunda gündüz saatlarında keçirilən görüş zamanı güclü günəş işığı səbəbindən ekran tam görünməyib. Buna görə də hakim cihazdan tam istifadə edə bilməyib.

Buna baxmayaraq, sınaqlar dayandırılmayıb. Hakimin köməkçiləri və dördüncü hakim hadisələri qeydə almaq üçün elektron qeyd dəftərlərindən istifadə ediblər.

İkinci sınaq isə dünən “Nasyonal” – “Rentistas” komandaları arasında keçirilən kubok matçında baş tutub. Hakim Eduardo Varela xəbərdarlıqlar və meydandan qovulma zamanı elektron kartdan bir neçə dəfə istifadə edib. Uruqvaylı jurnalistlər bu dəfə də ekranın rənginin uzaq məsafədən o qədər aydın görünmədiyinə diqqət çəkiblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right