Xəbər verdiyimiz kimi, sabah “Neftçi” və “Qarabağ” arasında Azərbaycan derbisi baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.
Azərbaycan idman jurnalistləri bu matç haqqında fikirlərini Newsport.az-la bölüşüb:
Elçin Cəlilov (Futbolpress.az saytının baş redaktoru): “Derbi öz sanını doğrultmaq və yaşatmaq üçün stadionu dolduracaq həddə azarkeş cəlb eləməlidir.
Düşünürəm ki, “Neftçi”nin uzun illər sonra mövsümə inamlı başlaması və “Qarabağ” tərəfdarlarının doğma meydan amili bu məsələdə öz müsbət təsirini göstərəcək.
Nəticəyə gəlincə, fikrimcə, “Neftçi” liderlik kürsüsünə qalxsa da, son 10 ildə “Qarabağ”ın derbidəki daha inadkar və üstün tərzi əsas həlledici məqam olacaq.
Minimal hesabla da olsa, “atlılar”ın qələbə qazanacağını düşünürəm”.
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “Azərbaycan derbisi həmişə maraqlı olub, gərgin mübarizə şəraitində keçib. Son illərdə nəticələr "Qarabağ"ın xeyrinə olsa da, sindrom yavaş-yavaş qırılmaq üzrədir. "Neftçi" artıq çempionluğa real namizəddir və iddiasını hər matç ortaya qoyur. Ötən tur son çempion "Sabah"la başa-baş oynaması, hətta qələbəyə yaxın olması bunu göstərir. "Ağ-qaralar" müsbət gedişatı davam etdirmək, azarkeşlərinə əzəli rəqib üzərində zəfər bəxş etmək üçün var güclərini ortaya qoyacaqlar. "Qarabağ" isə ötən mövsüm qızıl medalların əldən getməsi, derbidə son məğlubiyyət və yayda avrokuboklarda qrupa düşə bilməməsinin əvəzini çıxmağa çalışır. Sabahkı qarşılaşma bu baxımdan vacib rol oynaya bilər. Qurban Qurbanovun yetirmələri qələbə ilə həm 3 xal əldə edəcək, həm də "Sabah"la oyundan əvvəl böyük motivasiya qazanacaq. Bu səbəblərdən bizi böyük matç, sona qədər gərgin mübarizə gözlədiyini əminliklə söyləmək olar. Hər iki komandanın azarkeşlərinin tribunaları doldurması, dəstək verməsi də matça əlavə rəng qatacaq”.
Elsevər Məmmədov (Qafqazinfo.az saytının əməkdaşı): “Son illərin ən maraqlı derbisi olacağını düşünürəm. “Neftçi”nin “Sabah”la sonuncu keçirdiyi matça baxsaq, komanda ümid yaradırdı. “Qarabağ” bu mövsüm inamlı olmasa da, illərin təcrübəsi və “Neftçi” üzərində psixoloji üstünlüyü var. Düzdür, yenilənən “Qarabağ” ideal formasından çox uzaqdır. Amma derbi istənilən halda başqa cür oynanılır. Burada motivasiya önə çıxır. İstər “Qarabağ”, istərsə də “Neftçi” azarkeşləri yaxşı oyun görmək istəyirsə, arenaya gəlməlidir. Matç ideal vaxta salınıb. Həftəsonu saat 19:00 – futbol matçı üçün ən yaxşı zamandır. Mən nəticə olaraq “Neftçi”nin qələbə qazanacağını düşünürəm”.