2 gün əvvəl İtaliya maliyyə polisi "San Siro" stadionunun "İnter" və "Milan"a 200 milyon avroya satılması ilə bağlı araşdırma çərçivəsində Milan Şəhər Şurasının ofislərinə basqın edib .
Newsport.az xəbər verir ki, bu haqda "Football İtalia" məlumat yayıb. Məmurlar gizli sövdələşmə və tender saxtakarlığında şübhəli bilinirlər. Müsadirə edilən əşyalar arasında kompüterlər və mobil telefonlar da var.
Həmçinin, "İnter"in keçmiş baş direktoru Alessandro Antonelli və "Milan"ı idarə edən "Sport Life City"nin prezidenti Cüzeppe Bonomi də daxil olmaqla, doqquz nəfərlə bağlı araşdırma aparılır.
Onların məxfi məlumatları ötürdükləri, "İnter" və "Milan"la sövdələşmələri asanlaşdırmaq üçün pərdəarxası işlər gördükləri və bununla da ədalətsiz rəqabət yaratdıqları iddia edilir.
"Milan" və "İnter" klub olaraq istintaq altında deyillər, lakin stadionu idarə etmək üçün yaradılan və hər iki klubun birgə sahib olduğu MI şirkətində də axtarışlar aparılıb.