Romano MY-da müvəqqəti baş məşqçi vəzifəsinə namizədlə danışıqlar olduğunu iddia etdi
Məşhur jurnalist və insayder Fabrizio Romanonun məlumatına görə, “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Maykl Kerrikin “Qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi olmaq ehtimalı yüksəkdir.
Mənbənin məlumatına görə, Kerrik “Mançester Yunayted”ə nəzarət edən Britaniya şirkəti INEOS və klub rəhbərliyi ilə uğurla danışıqlar aparıb və hazırda bu vəzifəyə namizədlər siyahısına başçılıq edir.
“Mançester Yunayted”in bu həftə yeni menecerinin adını açıqlayacağı bildirilir. Ondan başqa norveçli məşqçi Ole Qunnar Sulşer də rəhbərlikdən qərar gözləməkdədir.
Xatırladaq ki, klub rəhbərliyi yanvarın 5-də Ruben Amorimi istefaya göndərib. Portuqaliyalı mütəxəssis 2024-cü il noyabrın 24-dən komandanın baş məşqçisi idi.