Yeni mövsümə kim necə hazırlaşıb? (LAYİHƏ)

“Newsport.az” bu gündən yeni layihəyə start verir. AFFA yanında Media Komitəsinin dəstəyi altında həyata keçirilən “Yeni mövsüm, yeni ümidlər” layihəsi çərçivəsində qələmə alacağımız 12 yazı çempionatlarımıza həsr olunacaq. Əvvəlki rüblükdə yalnız Premyer Liqaya aid yazılara yer vermişdik. Qarşıdakı 3 ayda da elitaya üstünlük verəcəyik. Ancaq 1-ci divizionu da unutmayacağıq. Layihəmizə Premyer Liqa klublarının yeni mövsümə necə hazırlaşmasını təhlil etməklə başlayırıq. Sözsüz ki, çempionatda yaxşı çıxış etmək üçün tələb olunan vacib şərtlərdən biri yaxşı hazırlıq keçməkdir. Bunun da 2 qolu var. Birincisi, yaxşı məşq edə bilmək üçün o qədər də isti olmayan məkanda bir araya gəlmək. Əlbəttə, məşq keçdiyin meydanın durumu da yaxşı olmalıdır ki, buna görə hər hansı zədə problemiylə üzləşməyəsən. İkincisi, mümkün qədər çox yoxlama oyunu keçirmək. Bu, baş məşqçinin müxtəlif variantları sınaqdan keçirmək, özü üçün A və B variantları müəyyənləşdirmək, yeni futbolçuları komandaya, oyun sisteminə uyğunlaşdırmaq üçün böyük əhəmiyyət daşıyır. Nə qədər çox oyun keçirsən, bir o qədər başucalığındır. Bu həm də çempionat zamanı futbolçuların bir-birini gözüyumulu başa düşməsi üçün vacibdir. Özü də mümkün qədər yoxlama oyunlarında rəqiblər güclü komandalar   olmalıdır. Çünki belə olanda zəif tərəflərini daha yaxşı görə bilirsən və aradan qaldırırsan. 

İndi isə 2017/18 mövsümündə Premyer Liqada çıxış edəcək klubların hazırlığına. Görək yeni macəraya   kim necə yollanır? Ötən mövsüm tutduqları mövqeyə uyğun olaraq komandaların hazırlığını diqqətinizə çatdırırıq.

"Qarabağ"


Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ” yeni mövsümdə də titulunu qorumaq, hətta imkan olarsa, yenə “qızıl dubl” etmək fikrindədir. Ancaq indi Ağdam klubunun istənilən futbolçusundan, inzibatçısından, həkimindən, məşqçisindən və rəsmisindən soruşsan ki, ya Çempionlar Liqasının qrupu, ya da çempionluq, əminliklə 1-cini seçərlər. Artıq “Qarabağ” rəhbərlikdən tutmuş sıravi işçisinə qədər sırf elit turnirin qrupunda oynamağa köklənib. Çünki yaxşı bilirlər ki, gələn ildən UEFA qaydaları sərtləşdirəcək və nəticədə Çempionlar Liqasında əksər klublar “Böyük beşlik” ölkələrindən olacaq. Bu il isə ələ yaxşı fürsət düşüb. “Samtredia”nı hər iki oyunda məğlub edən Qurban Qurbanovun komandası 3-cü mərhələdə də münasib rəqiblə - “Şerif”lə qarşılaşacaq. Moldova klubunu da keçmək olar. Pley-offda isə Polşa, Çexiya, Şotlandiya və bu kimi ölkələrin çempionuyla üz-üzə gələ bilərlər. Yəni o da “Qarabağ”ın “diş”inə uyğun rəqib olacaq. Bir sözlə, bu   il heç vaxt olmadığı qədər Çempionlar Liqasının qrupuna yaxındırlar. Ona görə də hal-hazırda “Qarabağ” ölkə çempionatını yox, sırf bu yarışı gözləyir. 
Çempion yeni mövsümə cəmi 1 aylıq fasilədən sonra başladı. İyunun 1-də Suraxanıdakı bazasında məşqlərə başlayan komandanın ilk hazırlığında yalnız Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak etdi. Sonradan tədricən yığma üzvləri və legionerlər də onlara qoşuldu. “Qarabağ” iyunun 14-də Bakıda ilk və son yoxlama oyununu keçirdi. Paytaxtın eyni adlı komandasını sınağa çəkən ağdamlılar Həvəskarlar Liqasında çıxış edən rəqibinə rəhm etmədi – 9:0. Bundan iki gün sonra əsas hazırlıq mərhələsi Avstriyada   start götürdü. “Qarabağ” yenə Kössen qəsəbəsində məskunlaşdı və iyulun 2-dək orda hazırlıq keçdi. Bu müddət ərzində Qurban Qurbanovun komandası 4 yoxlama oyunu keçirdi və hamısında uduzdu. Əvvəlcə “Axmat”a (0:1) məğlub olan “Qarabağ” daha sonra ÇSKA-ya (Sofiya) müqavimət göstərə bilmədi - 2:5. Ardınca Moskva “Dinamo”suna (0:1) yenilən çempion son oyunda “Bröndbü” tərəfindən darmadağın edildi - 1:5. Bundan sonra Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqib “Samtredia”ya qarşı məşqlər Bakıda davam etdi. Gürcüstan klubuyla oyunlarda əziyyət çəkməyən “Qarabağ”ın mövsümə necə hazır olduğunu “Şerif”lə oyunlarda biləcəyik.      

"Qəbələ"

Ötən mövsümü gümüş medalla başa vuran “Qəbələ” heyətini əsaslı şəkildə dəyişib. Ancaq transferlər bu yazının mövzusu deyil. Ötən rüblükdə transferlərdən danışmışdıq. Bu layihəmizdə də keçidlərə toxunacağıq. Ancaq başqa yazıda. Hələ ki “Qəbələ”nin buy ay necə təlim-məşq toplanışı keçdiyini xatırlayaq. “Qırmızı-qaralar”ın hazırlıq prosesini 3 hissəyə bölmək olar. Bölgə klubu əvvəlcə Bakıda yüngül məşqlərə başladı. Hansı ki o zaman sırf yerli futbolçular Roman Qriqorçukun köməkçisi Sənan Qurbanovun rəhbərliyi altında hazırlıq keçirdi. “Qəbələ” iyunun 7-dən əsas təlim-məşq toplanışının ilk hissəsinə - Fulpmes mərhələsinə start verdi. Roman Qriqorçukun komandası iyunun 23-dək Avstriyanın bu qəsəbəsində əvvəlcə eyni adlı komandanı darmadağın etdi – 8:0. Daha sonra “Axmat” bizimkilərə 1 qolla qalib gəldi. “Qəbələ” 3 və 4-cü yoxlama oyunlarını eyni gündə keçirdi. Belə ki, “qırmızı-qaralar” “Stubay Cup” adlanan mini turnirdə iştirak etdi. Bu yarışda oyunlar cəmi 45 dəqiqə çəkirdi. Roman Qriqorçukun komandası əvvəlcə yerli “Vakker”ə 0:1, daha sonra isə Sofiya ÇSKA-sına 1:3 hesabıyla uduzdu. “Qəbələ” Fulpmesdəki son yoxlama oyununda Bolqarıstanın son illər Avropada sözünü deyən klubu “Ludoqorets”ə məğlub oldu – 0:2. Vətənə qayıdıb, bir neçə gün istirahət edən “Qəbələ” sonuncu təlim-məşq toplanışını da Avstriyada keçirdi. Bu dəfə komanda Zalsburqda məskunlaşdı. Bu toplanış iyulun 9-dək davam etdi. Bu müddət ərzində 3 yoxlama oyunu keçirildi. Kiyev “Dinamo”suna 1:2 hesabıyla uduzan “qırmızı-qaralar” yerli “Qrödiq”i (7:0) və Hollandiyanın tanınmış klublarından “Utrext”i (1:0) məğlub etdi. Oyundan-oyuna artıran bölgə klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Yagelloniya”nı mübarizədən kənarlaşdırıb. 3-cü mərhələdə “Panatinaikos”la qarşılaşacaq “Qəbələ”nin Premyer Liqanın startına kimi tam hazır olacağı gözlənilir. Ən azı ilk baxışdan 2017/18 mövsümündə “Qarabağ”ın çempionluq yolunda əsas rəqibinin yenə “qırmızı-qaralar” olacağı aşkar görünür.

"İnter"

Zaur Axundovun prezident seçilməsindən sonra maliyyə problemləri nisbətən aradan qalxan “İnter” əvvəlki borclara, Beynəlxalq Bankın problemlərinə görə “İnter Arena”dan köçməli oldu. İndi bu klub “Dalğa Arena”da məskunlaşıb. Avrokubok oyunlarını da bu stadionda keçirib. Çempionat və kubok mübarizəsində də rəqiblərini Mərdəkanda qəbul edəcək. “Səmayə” LTD-nin sponsor kimi göstərildiyi klub transfer qadağasına baxmayaraq pis hazırlıq keçməyib. Avroliqada baş tutan 4 oyun da komandanın faydasına olacaq. Heyətin özəyinin qalması Zaur Svanadzenin işini asanlaşdıran məqamlardandır. Çünki futbolçular indi bir-birini gözü yumulu başa düşür. Bəs komanda yeni mövsümə necə hazırlaşıb? “İnter” mayın 25-dən “İnter Arena”da hazırlığa start verildi. Komanda 10 gündən sonra Türkiyəyə yollandı. Boluda hazırlıq keçən bakılılar ilk yoxlama oyununda Kamerun “Kolumbe Sportivo”sunu üstələdi – 1:0. Türkiyədə Azərbaycan derbisi baş tutdu. “İnter” ikinci yoxlama oyununda “Zirə”dən 2 cavabsız top buraxdı. “Ağ-göylər” son yoxlama oyununda Rumıniya “Vitorul”una 2:1 hesabıyla qalib gəldi. Bundan sonra Avropa Liqasında ilk mərhələni uğurla adlayan “İnter” 2-ci mərhələdə dayandı. Komanda çempionatın startınadək Bakıda hazırlığını davam etdirəcək.  

 "Zirə"

Yeni mövsümdə “İnter”in medalçılar sırasında yer alması çətin olacaq. Çünki “Zirə” bu dəfə daha iddialı gəlir. Heyətin gücləndiyini söyləmək olar. Komanda həm də yaxşı hazırlıq keçib. Üstəlik, Avroliqada debütdə yaxşı təcrübə toplayıb. Hamıdan tez – mayın 24-də Bakıda hazırlığa başlayan “Zirə” 15 gün paytaxtda məşq etdikdən sonra Türkiyəyə yollandı. “İnter” kimi Ayxan Abbasovun komandası da təlim-məşq toplanışını Boluda keçdi və eyni rəqiblərlə yoxlama oyunu keçirdi. Yuxarıda da vurğuladığımız kimi, “İnter”ə qalib gələn zirəlilər “Kolumbe Sportivo”nu darmadağın etdi – 8:0. “Zirə” son yoxlama oyununda “Vitorul”a uduzdu – 1:2. İyunun 21-də Türkiyə toplanışını başa vuran komanda “Differdanj”la Avroliqanın 1-ci təsnifat mərhələsində keçiriləcək ev oyununa hazırlaşmaq üçün vətənə qayıtdı. Lüksemburq klubunu sıradan çıxaran “Zirə” “Astra”ya yenildikdən sonra bütün diqqətini çempionatın hazırlığına yönəltdi. “Neftçi” ilə yoxlama oyunu da keçirildi. Əsas heyət üzvlərinə istirahət verən Ayxan Abbasov üçün məğlubiyyət vacib deyildi. Bu mövsüm debüt ilindəki kimi “Zirə”nin medalçılar sırasına düşməsi yüksək qiymətləndirilir.

"Kəpəz"

 “Kəpəz” iyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçdikdən sonra ayın 5-dən məşqlərə başlayıb. Gəncəlilər iyulun 14-nə kimi paytaxtda hazırlıq keçib. Təlim-məşq toplanışının növbəti mərhələsi Türkiyədə baş tutub. “Kəpəz” ayın 15-dən 10 günlük Ərzurum toplanışındadır. İndi isə keçək “sarı-göylər”in yoxlama oyunlarına. Şahin Diniyevin yetirmələri ilk yoxlama oyununda “Bakı”ya (2:1), daha sonra isə “Neftçi”yə (2:0) qalib gəldi. Bu, paytaxtdakı yoxlama oyunlarıdır. “Kəpəz”in Bakıda gündəlik məşqlərini ADBTİA-nın stadionunda keçdiyini də vurğulamağa ehtiyac var. Gəncəlilər Ərzurumdakı ilk yoxlama oyununda PTT liqasında çıxış edən “Samsunspor”a uduzdu – 1:2. Bu divizionda çıxış edən “Ankaragücü” də “Kəpəz”ə qalib gəldi – 2:0. Bu gün Premyer Liqa iştirakçısı “Elazığspor”la münasibətləri aydınlaşdıracaq.

Sumqayıt

Bu mövsüm ərəfəsində heyətini təcrübəli yerli futbolçularla gücləndirən “Sumqayıt” avrokuboklara vəsiqə qazanmaq niyyətindədir. Komanda hazırlığa iyunun 22-dən doğma məkanda – “Kapital Bank Arena”da başlayıb. Sumqayıtdakı təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama oyunu keçirilib. Samir Abasovun komandası hər iki görüşü Premyer Liqanın debütantı “Səbail”ə qarşı keçirib. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. İkinci matçda isə sumqayıtlılar doğma məkanda bakılıları məğlub edib – 1:0. “Sumqayıt” iyulun 15-dən Boluda təlim-məşq toplanışı keçir. Ayın 29-dək davam edəcək hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyunu baş tutub. İlk görüşdə Samir Abasovun komandası superliqada çıxış edən “Osmanlıspor”a minimal fərqlə uduzub – 1:2. “Kimyaçılar” daha sonra “Əl-Fateh”ə (Səudiyyə Ərəbistanı) qalib gəldi – 1:0. “Sumqayıt” üçüncü yoxlama oyununda elitaya yenicə yüksələn “Sivasspor”a müqavimət göstərə bilməyib – 0:4. “Ağ-göylər” son yoxlama oyununu iyulun 28-də  Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”a qarşı keçirəcək. Ertəsi gün “Sumqayıt” vətənə qayıdıb, hazırlığı doğma məkanda davam etdirəcək.

"Neftçi"

"Neftçi” iyunun 26-dan təlim-məşq toplanışa start verib. İyulun 23-dək Bakıxanov qəsəbəsində yerləşən bazada davam edən ilk hazırlıq prosesində 4 yoxlama görüşü keçirilib. Bütün yoxlama oyunları həmin bazada baş tutub. Əvvəlcə “Kəpəz”ə (0:2) uduzan flaqman daha sonra 1-ci divizionda debüt edəcək “Binə”yə qalib gəlib – 1:0. Bundan sonra AZAL-ın xələfi sayılan “Şüvəlan” məğlub edilib – 2:0. Elxan Abdullayevin komandası Bakıdakı son yoxlama oyununda “Zirə”ni üstələyib – 1:0. Baş məşqçi futbolçuları əsasən yükləmə fonunda yoxlama oyunlarına çıxarıb. Bu gündən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək “ağ-qaralar” ayın 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-si və ya 3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.

"Səbail"

Premyer Liqaya baş məşqçisi və heyətini yeniləyərək yüksələn "Səbail" iyunun 12-dən yeni çalışdırıcı Samir Əliyevin rəhbərliyi altında "Dalğa Arena"da məşqlərə start verib. Gənc mütəxəssis əsasən futbolçulara fiziki hazırlıq keçib. Bu zaman qum üzərində məşqlərə üstünlük verib. İyulun 6-dək paytaxtda keçən hazırlıq prosesi çərçivəsində 3 yoldaşlıq oyunu keçirilib. Yuxarıda “Sumqayıt”la baş tutan görüşlərin nəticələrini qeyd etdik. “Dalğa Arena”da isə “Binə” 2 cavabsız qolla məğlub edilib. Komanda iyulun 10-dan Türkiyənin Kartepe qəsəbəsində toplanış keçir. Ayılın 27-dək davam edən hazırlıq prosesinin ilk yoxlama oyununda Oman U-23-ü ilə qolsuz heç-heçə qeydə alınıb. “Səbail” iyulun 20-də ikinci yoldaşlıq oyununu keçirib. Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə qarşılaşan komandamız meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib. "Səbail" bu gün Özbəkistan "Paxtakor"u, iyulun 26-da isə Səudiyyə Ərəbistanının "Əl Raed" komandasıyla qarşılaşacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right