Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçirilib.
Newsport.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışlar 3 kateqoriya üzrə təşkil olunub. Qələbə uğrunda 7 klub və cəmiyyəti təmsil edən 70-ə yaxın konkurçu mübarizə aparıb.
Hündürlüyü 70-80 sm olan maneələrin dəf edilməsi üzrə yarışda Respublika Atçılıq və Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Viktoriya Nduka “Barat” ləqəbli atla birinci yeri tutub. Onun komanda yoldaşı Cavid Qurbanəliyev “Burla” ilə ikinci, “Sərhədçi” klubunun təmsilçisi Əhəd Məmmədov isə “Nabat”la üçüncü olub.
100-115 sm hündürlüyündə maneələrin dəf edilməsi üzrə kateqoriyada “Elite” klubunun üzvü Anar Hümbətov “Zirvə” ləqəbli atla qızıl medala sahib çıxıb. Klubun digər təmsilçisi Seyid Musayev “Parlaq” və “Uca” atlarla müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Rahib İsmayılov (“Gilan”) dördüncü, Azad Şükürov (“Sərhədçi”) isə beşinci olub.
125-130 sm hündürlüyündə maneələrin dəf edilməsi üzrə yarışda marşrutu cərimə balı toplamadan başa vuran yeganə iştirakçı – “Omar” Atçılıq Klubunun təmsilçisi Kənan Novruzov “Tutu MNM” ləqəbli atla çempion olub. Seyid Musayev “Zidan”la ikinci, “Sərhədçi” klubunun üzvü Ramil İbrahimov isə “Şirin”lə üçüncü yeri tutub.
Yarışın qalibləri və fərqlənən idmançılar Azərbaycan Atçılıq Federasiyasının və Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunublar. Çempionlara isə kubok təqdim edilib. Mükafatları Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib. Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.