“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Tvente” ilə oyundan sonra keçirilən mətbuat konfransında qələbə qazanmaq istədiklərini, amma alınmadığını bildirib.
Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi cavab qarşılaşmasında çox fərqli "Qarabağ" görəcəyimizi bildirib:
"Mütləq dəyişikliklər ediləcək. İstədiyimiz kimi oynaya bilmədik. "Oyunun gedişini dəyişmək üçün erkən dəyişiklik etdim. Ancaq əvəzetmələr etimadımı doğrultmadılar. "Tvente"nin daha açıq futbol sərgiləyəcəyini gözləyirdik. Ancaq belə olmadı. Rəqib yaxşı müdafiə olundu. Bəzən 10 nəfərlə müdafiəyə çəkildilər. Bununla belə, təhlükəli qol epizodlarımız oldu. Məncə, Riçard Almeydanın oyunun alınmaması Çumbinyonun olmaması ilə bağlı idi. Bununla belə, futbolçular çox çalışdılar, ancaq istəyimizə nail ola bilmədik. Cavab matçında müəyyən dəyişiklik edəcəyik və səfərdə daha asan olacağını düşünürəm. Ümid edirəm ki, Hollandiyada qələbə qazanacağıq".
Qurbanov Leory Corc və Danilo Diasın əvəzlənərək yerlərini gənc yerli futbolçulara verməsi haqda isə belə deyib:
"Namiq Ələsgərovda bir qədər həyəcan var idi. Amma Cavid Tağıyevdə problem yox idi. Onları meydana buraxmaqla oyunda canlanma yaratmağı düşündüm. Fikrimcə, vaxtında edilən əvəzetmələr idi".