Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda qarşılaşıb. “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Pis oyun alınmadı. Bu görüşdə bütün futbolçulardan istifadə edə bilmədik. Bizimlə olan oyunçulara lazımi yükü verdik. Maraqlı qarşılaşma alındı. Matçın 50-60 dəqiqəsi temp baxımından rəsmi oyunlardan heç nə ilə fərqlənmirdi”.
- Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. Onun vəziyyəti barədə məlumat varmı?
- O, sabah kluba qayıdacaq. Sabah günün ikinci yarısında tibbi müayinədən sonra vəziyyətini dəqiq biləcəyik.
- Çempionatda yaranan belə uzun fasilə komandaya necə təsir edəcək?
- Mən burada heç bir müsbət məqam görmürəm. Heyətdə az futbolçu var, normal hazırlaşa bilmirik. Milli komandalara yollanan futbolçular dörd oyun keçirirlər ki, bu da qısa müddət üçün çoxdur. Bu, təkcə bizə deyil, digər komandalara da təsir edir. Bu, böyük problemdir. Sefas artıq dörd gündür geri qayıda bilmir. O, yenicə formasını bərpa etməyə başlamışdı. Milli komandalarına yollanan digər futbolçulara da yenidən uyğunlaşmaq üçün daha çox vaxt lazım olacaq.
- Lixtenşteynlə oyunda (0:0) belə nəticə gözləyirdinizmi və sabah Litva ilə keçiriləcək görüşdən nə gözləyirsiniz?
- Bu gün futbol elə səviyyədədir ki, artıq zəif komanda yoxdur. Hamı inkişaf edir. Futbolçuların və məşqçilərin beynəlxalq təcrübəsi artıb. Heç kim asan qələbə qazanmır. Əlbəttə, daha artığını görmək istərdik, amma irəli baxmaq lazımdır. Qarşıda daha iki oyun var və maksimum nəticə əldə etməyə çalışmaq lazımdır. Neqativ fikirlərdən uzaqlaşıb meydana çıxmaq vacibdir. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik və mənfi düşüncələr geridə qalacaq.