“Tvente”nin baş məşqçisi Alfred Şroyder Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la oyundan (0:0) sonra keçirilən mətbuat konfransında oyunun bu cür keçəcəyini gözlədiyini bildirib.
Newsport.az saytının məlumatına görə, Enshede təmsilçisinin baş məşqçisi konfransda "Zalsburq”la görüşə görə taktikanı qurduqlarını və istədiklərinə nail olduqlarını deyib:
“Səfərdə bu hesab bizim üçün çox yaxşı nəticədir. Hollandiyadakı oyun haqqında heç nə deməyəcəm. “Qarabağ” da kobud oynadı. Amma bizim onlara qarşı kobud oynamağımız xüsusi tapşırıq deyildi. “Qarabağ”ın oyununa ot örtüyü mane olurdu. Amma bundan biz də əziyyət çəkirdik”.
Şroyder 5 il əvvəlki “Qarabağ”la indikini də müqayisə edib:
“Hiss olunur ki, indi klubun büdcəsi böyüyüb. Yaxşı oyunçulara sahibdirlər. İndi “Qarabağ” daha çox təcrübə toplayıb. Bu fərq hiss olunur. Amma “Qarabağ”dan hər hansısa bir futbolçu almaq haqda hələ düşünmürük”.