"Vacib bir oyuna çıxacağıq. Tanış komandaya qarşı oynayacağıq. Artıq “Tvente”də xeyli dəyişiklik var. Daha çox gənc futbolçulara üstünlük verirlər. Sabah əlimizə düşən hər bir imkandan istifadə etməliyik. Hamımızı maraqlı oyun gözləyir".
Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli məşqçi sabah “Tvente” ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maksim Medvedyev və İlqar Qurbanov zədəlidir. Onları kim əvəzləyə bilər?
- Maksimin oynamaq şasnı var.
- “Zalsburq”la oyunda komandanızın iki futbolçusu qırmızı vərəqə alaraq “Qarabağ”ı çətin duruma saldı. Bu haqda komanda ilə danışığınız oldu?
-Əlbəttəki, onlarla danışıdıq. Ancaq hər biri vacib oyunçumuzdur. Düşünürəm ki, bu görüşdə daha diqqətli olacaqlar.
- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, ötən illərlə müqayisədə “Qarabağ” daha güclü, “Tvente” isə zəifdir.
-Bu fikirlər bizi və sizi aldatmamalıdır. “Tvente” həmişə Hollandiyada yüksək yerlər uğrunda oynayır. Əksinə, bu “”Tvente” bizim üçün daha çətin rəqib sayıla bilər. Avropada heç bir klubu zəif saymaq olmaz. Sadəcə bizim təcrübəmiz əvvəlki illərdəkindən daha çoxdur. Rəqibi daha düzgü analiz etməli və diqqətli olmalıyıq.
- “Zalsburq”la oyunda “Qarabağ” aqressiv oynadı. Bunun da mənfi və müsbət tərəfləri oldu. Sabahkı oyunda necə, komandada aqressivlik olacaq?
- Son vaxtlar aqressivlik futbolda çox vacibdir. Həmin oyunda aqressiv olmasaydıq, daha çətin olardı. Ancaq “Tvente” ilə daha diqqətli olmalıyıq.
- "Qarabağ"ın idman direktoru Con van Loen hollandiyalıdır. Ondan "Tvente" haqda nəsə öyrənmisiniz?
- Ondan kömək istəməyim düzgün olmazdı. Rəqib haqqında o qədər məlumat toplamaq üçün vasitə var ki, idman direktorumuzdan nəsə öyrənməyi düzgün saymadım. Mən də hansısa xarici ölkədə işləsəm, doğma ölkəmin komandası haqqında məlumat verməməyə çalışaram. Bu üzdən ona müraciət etməyə ehtiyac duymadıq
- Meydançanın durumu “Qarabağ”a öz oyununu oynamağa imkan verəcəkmi?
- Düzü, meydançanın durumundan razı deyiləm. Öt örtüyü yaxşı olsaydı, daha rahat oynaya bilərdik. Bunun bir qədər oyunumuza təsiri ola bilər.
- “Qarabağ” “Tvente”ni nədə üstələyə bilər?
- İstəməzdim ki, komandamızı üstün sayım. Bu, hörmətsizlik ola bilər. Rəqibi nə qədər də analiz etsək də, sabah onları daha yaxından tanıyacağıq.