“Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə Bakıda “Qarabağ”la heç-heçə (0:0) etmələrinə şərh verib.
Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəsis komandasının oyunundan razı qaldığını bildirib:
“Komandamın oyunundan razıyam. Çoxlu ofsaydlara düşməyimizə baxmayaraq, zonalar üzrə səhvlərə yol vermədik. Heç də pis olmuram ki, hücumlarımız elə də gözəl alınmadı. Çünki çətin rəqiblə oyunda biz daha çox müdafiəyə fikir verirdik. Əslində, biz “Qarabağ”ın son oyunlarını izləmişdik. Tamaşaçılar üçün də rəqib asan görünə bilərdi. Bu oyundan sonra onlara olan hörmətimiz daha da artdı. Bakıda qol buraxmamağımız böyük üstünlükdür. Biz Sent-Etyendə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Qaltye həmçinin “İnter”i qrupun favoriti hesab etdiyini deyib:
“Qarabağ”ı yüksək səviyyəli komanda kimi bilirdim. “İnter” qrupun favoritidir. Qurban Qurbanovun yaxşı taktiki sxemdən yararlanmasını gördükdən sonra fikirlərim bir qədər dəyişdi. Artıq deyə bilərəm ki, “Qarabağ” da bu qrupun favoritlərindən biridir. İnanıram ki, komandanız Fransada da hücum futbolu nümayiş etdirəcək. Amma “Sent-Etyen”in hücum futbolu oynamaması ilə bağlı deyilənlərlə də razı deyiləm. Gələn oyunda da çox çalışacağıq ki, daha çox güc qoyaq".