Sabah "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Fransanın ən titullu klubu "Sent-Etyen"i paytaxda qəbul edəcək. Rəqib güclü olsa da, qələbəyə ümid çoxdur. Ən azından hər azarkeşin qəlbində bir balaca da olsun qələbəyə ümid var. Bəs hər zaman "doğrular"ı düşünən idman mediası "Qarabağ"ın sabahkı oyunundan nə gözləyir? Ümumiyyətlə, Ağdam təmsilçisindən bu qrupda hansı nəticəni gözləyirlər?
Newsport.az saytı olaraq idman mediasındakı əməkdaşlardan bunun cavabını öyrənməyə çalışdıq. Həmkarlarımızın fikirləri olduqca maraqlı oldu.
Kenan Mastaliyev: (Rekord.az - baş redaktor) "Qarabağ"ın bu qrupdakı perspektivi baxımından çox nikbinəm. Mənə elə gəlir ki, "Neftçi"nin 3 xallıq rekordu ən azı təkrarlanacaq, hətta yenilənəcək. Bu, elə sabah, "Sent-Etyenn"lə oyunla da baş verə bilər. "Qarabağ" oturuşmuş, yerli-əcnəbi qarışıq, bir-birini çox yaxşı başa düşən futbolçulardan qurulan kollektivdi. Düzdü, daha bir-iki legioner transferi edilsəydi, pis olmazdı. Ancaq bu da yetərlidi. Ümid edirəm ki, sabahkı matçdan başlayaraq yeni bir tarixə şahidlik edəcəyik. "Qarabağ"a uğurlar arzulayıram
İbrahim Cəfərov (Futbolxeber.az baş redaktor): "Qarabağ"dan sabahkı oyunda yalnız qələbə gözləyirəm. Çünki "Sent-Etyen" "Qarabağ"ın bu qrupda məğlub edə biləcəyi ən real rəqibdir. Amma qrupdan çıxmaq elə də asan deyil. Düzdür, hər birimiz "Qarabağ"ın bu nəticəni qazanmasını istəyir, arzu edir və inanırıq. Amma vəziyyəti real olaraq qiymətləndirmək lazımdı. İnter bu qrupun əsas favoritidir. İkincilik uğrunda mübarizədə favorit isə "Dnepr"di
Vüsal Mahmudov (Futbolinfo.az - baş redaktor): "Bu "Qarabağ"ın ən çətin ev oyunu olacaq. Hətta birinci yerə ümid etmək olar. Amma "Qarabağ"ın neçənci yeri tutmasını özü yox, rəqibləri müəyyənləşdirəcək. Rəqibləri bu turnirə ciddi yanaşsa, Ağdam təmsilçisinin işi çətin olacaq. Məsələn, "İnter" bu oyunlara ikinci heyətlə çıxsa,"Qarabağ" turniri ikinci pillədə yekunlaşdıracaq".
Natiq Muxtarli (Publika.az redaktoru): "Uzun illər klublarımızın Avropada qapazaltı olması azərbaycanlı azarkeşlərdə fobiya yaradıb. Hansı ölkə təmsilçisinin rəqib olmasından aslı olmayaraq, özümüzü zəif hesab edirik. Bəlkə də daimi məğlubiyyətlər fonunda belə durum təbiidir. Ancaq “Qarabağ”ın çiyninə həm də futbol ictimaiyyətini bu fobiyadan xilas etmək missiyası düşüb. İndi Avropada zəif-güclü anlayışı demək olar ki, aradan qalxıb. İndi kim hazırlıqlıdırsa, o da qalib gəlir. Bu baxımdan yanaşsaq, “Sent Etyen” amansız rəqib deyil. Adi, ortabab Avropa klubudur. “Qarabağ”ın mübarizdədən kənarlaşdırdığı “Tvente” səviyyəsində olan bir klubdur. Bu komandadan çəkinməyə dəyməz. Heç qrupdakı digər rəqibləri - “İnter” və “Dnepr”i də “əjdaha” hesab etməməliyik. “Qarabağ”ın üzərində hər hansı bir təzyiq yoxdur. Futbol ictimaiyyəti onsuz da onları qrupda hamıdan zəif hesab edir. Üstəlik, rəqiblər də “Qarabağ”a saymazyana münasibət bəsləyəcək. Vəssalam. Qurban Qurbanovun yetirmələrinə də elə bu lazımdır. Çıxıb öz oyunlarını oynayıb, bizə də, rəqiblərə də yanıldığımızı başa salmalıdırlar.
Rəqiblər düzgün analiz olunsa, Qurban Qurbanov futbolçuların üzərindən psixoloji yükü götürə bilsə, “Sent-Etyen”ə də qalib gəlmək, hələ üstəlik qrupdan da çıxmaq olar".
Amal Abuşov (Futbol+ qəzətinin yazarı):" İnşallah, 2-ci yerə ümid edə bilərik. Sabahkı oyundan çox şey asılıdı. Qələbə qazansaq, iddiamız daha da artacaq".