"Qarabağ" sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Zaqreb "Dinamo"sunun qonağı olacaq.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb
O, ilk öncə sabahkı qarşılaşma barədə fikirlərini bildirib:
"Rəqibin çox güclü azarkeşləri var. Belə bir stadionda oynamaq bizim üçün xoş olacaq. Baxmayaraq ki, səfərdə oynayırıq. Hər iki komanda üçün oyun çox vacibdir. İstəyimiz çoxdur. Üçüncü dəfədir əlimizə belə bir şans düşür. Bundan maksimum istifadə etmək istəyirik. Futbolçular hazırdır. Yaxşı hazırlaşıblar. Baxmayaraq ki, ciddi itkilər var. Buna baxmayaraq inanıram ki, sabah meydanında intizamlı oyun quracaqlar. Düşünürəm ki, azarkeşlər üçün yaxşı oyun olacaq".
Qurbanov "Ludoqorets"lə "Dinamo" arasında fərq nədədir" sualına isə belə cavab verib:
"Fərqli rəqiblərdir. "Dinamo" daha təcrübəli komandadır. Nəticə üçün maksimum oynamağı bacaran rəqibdir. Bilirik ki, Bolqarıstandakından daha diqqətli olmalıyıq. Buradan yaxşı nəticə ilə qayıtmaq üçün bu vacibdir.
Təcrübəli mütəxəssis sonda komandasının sabahkı görüşə tam hazır olduğunu qeyd edib: "Fiziki hazırlıq yerindədir. Komanda özünü yaxşı hiss edir. Oyundan-oyuna özlərini daha yaxşı hiss edirlər. Hər zaman demişəm ki, mərhələləri keçdikcə məsuliyyət çoxalır. Rəqiblər daha ciddi yanaşır. Komandama inanıram".