Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev "Avro-2016"nın seçmə mərhələsində millimizi məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Newsport.az saytının məlumatına görə, yığmamıza gələcək oyunlarda uğurlar arzulayan Penev daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bolqarıstanda hansısa baş məşqçini istefaya göndərmək üçün o, neçə dəfə uduzmalıdır?
- Bu, mənə aid olmayan sualdır, buna qarışmaq istəmirəm. Mən ancaq özümə aid suallara cavab vermək istəyirəm. Nəticə yoxdursa, baş məşqçi istefa verməlidir. Amma gəlin, oyundan danışaq.
- Matçdan öncə bolqarlar Bakıda 2 qol vuracaqlarını deyirdilər. Bu inam hardan yaranmışdı?
- Mən hələ dünən sizə demişdim ki, Azərbaycan millisinin necə oynadığını bilirik. Bu gün şanslarımızdan yararlandıq.
- Millimizin oyununu Rusiyada da izləmişdiniz. Bugünkü ilə o oyun arasında fərq var idi?
- Mən həmin oyunu izləmişdim. Fərqli oyunlar idi və həmin oyunda yığmanızın zəif cəhətlərini tapmışdım.
- Azərbaycan millisindən belə zəif oyun gözləyirdiniz?
- Bəli, mən gözləyirdim. Biz oyuna 1 aydan çox hazırlaşmışdıq və taktiki cəhətdən komandanızı yaxşı təhlil etmişdik. Bu gün 1 xal qazansaydıq da, mən hesabla razı olardım.
- Bolqar qəzetlərinin birində futbolçunuzun Miçanski Dmitri Nazarovdan Azərbaycan millisi haqqında bütün məlumatları öyrəndiyini bildirmişdi. Bir baş məşqçi kimi belə satqın futbolçunu komandanıza dəvət edərdinizmi?
- Belə bir hadisə yaşanmayıb. Mən komandanın oyununu analiz etmişdim. O qəzetdə yazılanlara cavabdeh deyilik. Bu, onları fərziyəsidir.