Bu gün milli komandamız Avro-2016-nın seçmə mərhələsində ilk sınağına çıxacaq. Belə ki, yığmamız paytaxtda “Bakcell Arena” stadionunda Bolqarıstan millisini qəbul edəcək. Oyuna maraq olduqca böyükdür. Çoxlarına görə, bu oyun almaniyalı çalışdırıcı Berti Foqstun millinin sükanı arxasında möhkəmlənə bilməsi üçün son sınaq, bəziləri üçün isə Azərbaycan millisinin Avropa çempionatına gedən yolun başlanğıcıdır. Bəs görəsən, media əhli millimizin ilk oyunundan nə gözləyir? Newsport.az saytı olaraq Azərbaycan-Bolqarıstan oyunu barəsində fikirlərini öyrənmək üçün qələm əhlinə müraciət elədik. Həmkarlarımızın fikirləri bizim üçün olduqca maraqlı oldu. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
İbrahim Ceferov (Futbolxeber.az saytının baş redaktoru): “Çətin oyun olacaq. Bolqarıstan heç də zəif rəqib deyil. FİFA reytinqində 72-ci olmaları heç nə demək deyil. Bizim kimi onların da məqsədi bu qrupda üçüncü olmaqdı. Amma mən millimizə inanıram. Bu gün bolqarlara uduzmayacağıq. İnanıram ki, millimiz bu gün bizi sevindirəcək. Yalnız qələbə haqda düşünməliyik. Heç-heçəyə ümid etmək belə düzgün deyil. Yalnız və yalnız qələbə. Avro-2016-ya yollanmaq, heç olmasa play-off oynamaq istəyiriksə, mütləq bu gün qalib gəlməliyik. Bu, həm iddiamızın əsassız olmadığını göstərəcək, həm də komandada özünəinam yaradacaq. Burdən qələbə qazanmasaq, bütün arzular, ümidlər puç ola bilər. Ona görə bu oyunun mahiyyəti çox böyükdü. Mütləq qələbə qazanmalıyıq. İnanıram ki, futbolçularımız buna nail olacaqlar. Azarkeşlərin də milliyə dəstək olmasını istərdim. Bu, nə Foqtsun, nə AFFA-nın, nə legionerlərin komandasıdı. Bu, bizim komandadı, Azərbaycanın. Dəstək olaq və qələbəni birgə qazanaq”.
İsmayıl Abdullayev (İdman Azerbaycan kanalı, şərhçi): “Optimal heyət olacağına ümidim böyükdür. Ən azından seçmə mərhələyə xalla başlaya bilərik. Mənim proqnozum 1:1-lik hesablı nəticədir.”
Mirbağır Cəfərov (Sportinfo.az-ın əməkdaşı): “İlk dəqiqələrdən millimiz müdafiə oturacaq və çox güman ki. əks-hücumlarda Bolqarıstanı cəzalandırmaq istəyəcək. İnanmıram ki, bu millimizə uğur gətirsin. Nəzərə alsaq ki, Berti Foqts millimizə qorxaq futolu oynadır, millimiz bununla uğur qazana bilməyəcək. İstəyərdim ki, Azərbaycan qələbə qazansın. Ancaq inandırıcı deyil. Yəni bu seçmə mərhələdən finallara getmək də məncə hələ ki xəyal kimi qalacaq”
İxtiyar Əsgərov (Apasport.az saytının baş redaktoru): “Millimiz bu gün qələbə qazanıb 3 xalı qazanacaq”
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “Məncə, bu matç daha çox nəticə qazanmağa istiqamətlənən olacaq. Yəni komandalar hücuma çox meyl etməyəcək, rəqibi əks-hücumlarda tutmağa çalışacaq. Xüsusilə də, Bolqarıstan üçün istənilən xal itkisi faciə sayılacaq. Hər halda, bu oyunla bağlı nikbinəm və millimizin qələbə qazanma şansının olduğunu düşünürəm”
Mehman Suleymanov ("Qəbələ" İK qəzetinin əməkdaşı): “Milli komandamız Bolqarıstanla oyuna son hazırlıq matçında böyük hesabla uduzsa da, bədbin deyiləm. Biz növbəti seçmə mərhələyə qələbə ilə başlamağa sadəcə, borcluyuq. Çünki ilk dəfə olaraq Avro-2016-dan başlayaraq final mərhələsinə 16 yox, artıq 24 komandanın iştirak etməsi xüsusilə ev oyunlarında qələbənin əhəmiyyətini artırır. Əgər qrup favoritləri, son dünya çempionatının iştirakçıları olan İtaliya və Xorvatiya kimi güclü yığmalar üzərində hətta öz meydanımızda qələbə qazanmağımız çətindirsə, deməli, digər rəqiblərimiz - Bolqarıstan, Norveç və Malta ilə ev matçlarından maksimum nəticə ilə ayrılmağa çox çalışmalıyıq. Düzdür, bolqarlar zəif olmasalar da, onlarda daha Dimitar Berbatov kimi ulduzlar yoxdur. Üstəlik, yığmalarının liderlərindən olan “Kuban”ın hücumçusu İvelin Popov bizimlə oyun öncəsi zədələnərək sıradan çıxıb.
Bir şeyi də nəzərə alaq ki, bundan sonra millimizi oktyabrda İtaliya və Xorvatiya ilə ardıcıl iki çətin səfər matçı gözləyir. Bu oyunlarda məğlubiyyət və Bolqarıstanla matçda da xal itkisi olsa, komandada psixoloji durum pisləşəcək, özünəinam azalacaq. Deməli, ilk səfər oyunları öncəsi mütləq qələbə qazanmağımız lazımdır”.
Mərdan Həsənov (Newsport.az saytının baş redaktoru) "Mənim fikrimcə bu gün milli komandamız qələbə qazanacaq və buna borcludur. Hazırlıq oyunlarındakı uğursuzluqlara baxmayaraq Berti Foqtsun komandası bu gün optimal heyətlə meydana çıxıb bizə qələbə sevinci yaşatmalıdır”
Mirəlləm Həsənli (Sportlife.az saytının baş redaktoru): “Azərbycan millisi Bolqarıstana qalib gələ bilər, amma Rusiya ilə oyundan sonra yox, elə Rusiya ilə oyundan əvvəl də millimizə inamım olmayıb. İnam elə belə yerə yaranmır, gərək inamı qazanasan. Təəssüf ki, hər oyunda istək olur, inam yox..."
Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri): “Millinin oyunundan öncə AFFA prezidentinin futbolçularla görüşməsinin çox böyük təsiri olacaq. Klubda çalışan biri kimi bunun təsirinin nə qədər önəmli olduğunu yaşamışam. Hiss olunur ki, federasiya rəhbərliyi 3-cü yeri qazanmaq istəyir. Belədə Bolqarıstan kimi top milli olmayan ölkələri məğlub etmək lazımdır. Fimrimcə, millimiz minimal hesabla qalib gələcək”.
Vüsal Bəbirli (Stadium.az saytının baş redaktoru): “Millinin oyunundan qələbə gözləmirəm. Çünki Berti Foqtsun etdiyi eksprimentlər bu düşünməyin üçün əsasdır”.
Əli Sahib (Fanat.az saytının baş redaktoru): “Berti Foqts gələndən sonra milli haqqında fikirlər səsləndirməyi xoşlamıram. Lakin bu gün qələbə qazanacağımızı yuxuda görmüşəm. Belə ki, yuxuma inansaq milli komandamız 3:0 hesabı ilə qalib gələcək. Bir qol avtoqoldan, digər ikisi isə oyun epizodun vurulacaq. Lakin yuxular tərsinə çıxır deyirlər. Təki bu səfər tərsinə çıxmasın.
Bu oyun həmçinin Berti Foqtsun millini sükanı arxasında möhkəmlənə bilməsi və ya istefasının sürətləndirməsi üçün də əhəmiyyətli bir oyun olacaq. Berti qotsun qalması üçün yox, ölkəmiz üçün millimizin qələbə qazanmağını istəyirəm”.
İLKİN Sultanlı