Azərbaycan Birinci divizionun ilk turunda "Zirə" və MOİK komandaları arasında baş tutan oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev oyunla bağlı fikirlərini Newsport.az-a bildirib:
- Hər iki komanda yaxşı oyun nümayiş elətdirdi. Matç çox xoşuma gəldi. “Zirə” komandası 2 ay müddətinə yaranmasına baxmayaraq, yaxşı heyət qurub. Komanda bütövlükdə yerli futbolçulardan təşkil olunub. Hansı ki, bu futbolçular bizə lazım olur”.
- Sizi ancaq Premyer Liqa oyunlarında görmək mümkündür. Zirəyə gəlib oyun izləməyiniz, yeni yaranmış komandaya dəstək kimi adlandırmaq olar?
- Xeyr, mən dəstək kimi adlandırmıram. Bunu "Zirə" komandasını yaradanlara hörmət kimi desək, daha doğru olar. Son vaxtlar sponsorlar futboldan qaçır. Klubu yaradanlara təşəkkür etmək və hörmət olsun deyə gəldim.
- Birinci divizionda klublar yaş limitinə görə narazıdı. PFL rəhbəri olaraq buna münasibətiniz necədir?
- Bu gün üçün bu məsələ problem olsada, unutmayaq ki, qarşıdan 2016-2020-ci illər gəlir. Bəs orada biz kimləri görəcəyik? Çətinlik olsa da, bunların bəhrəsini gələcəkdə görəcəyik.
- Ötən il "Araz Naxçıvan" yarandığı il çempion oldu. "Zirə"dən bu uğuru gözləyirsiz?
- “Zirə”dən bu uğuru gözləyirəm, amma açığı onların çempion olmasını istəmirəm.
- Nə üçün?
- Ona görə ki, komanda Premyer Liqaya hazır vəziyyətdə gəlməlidir ki, çatışmazlıqları biruzə verib hay-haray salmasın.
- "Araz Naxçıvan" hazır deyil?
- Mən demədim ki, "Araz Naxçıvan" hazır deyil. İndi söhbət "Zirə"dən gedir.
- “Zirə”də nə kimi çatışmazlıq var ki? İnfrastruktur ya maliyyə?
- Çatışmayan heçnə yoxdur. Sadəcə, tez alışan, tez də sönür. "Zirə" bu gün yaranıb. Hələ çempionata, daha sonra Premyer Liqaya köklənməlidi. Ağacın kökü nə qədər möhkəm olarsa, o qədər də dayaqlı olar.
Sultanlı İLKİN