Dövlət başçısının bizi dəstəkləməsi böyük amildi MÜSAHİBƏ

Bu gün AFFA və “Unilever” şirkətinin ən populyar markalarından olan “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib.

 

Newsport.az saytının xəbərinə görə, tədbirin sonunda AFFA-nın baş katibi Elxan Məmmədov brifinq keçirib.

 

- Əvvəlcə yeni sponsorluq müqaviləsi ilə bağlı fikrinizi bildirərdiniz...

- “Clear” beynəlxalq aləmdə futbol ulduzları ilə əməkdaşlıq edir. Ronaldo onların birbaşa tərəfdaşıdı. Bu əməkdaşlıq ümumi olaraq, azərbaycanlı futbolçuların təbliğidi. İmic baxımından “Clear” bizə böyük kömək edəcək. Sevindirici haldı ki, ildən ilə yeni tərəfdaş, əməkdaş Azərbaycan futbolu ailəsinə qoşulur. Bu sevindirici haldı. Deməli, nəyisə düzgün edirik.

 

- Maddi baxımdan necə, AFFA bu əməkdaşlıqdan qazanır?

- Hər ilin martında AFFA-nın hesabatı olur və burada maliyyə əməliyyatları da açıqlanır. Biz bu əməkdaşlıqdan əldə ediləcək gəliri həmin hesabatda açıqlayacağıq.

 

- Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısının açıqlanmasına az vaxt qalıb. Bu sahədə vəziyyət necədi?

- 14 gün qalıb. Səbirsizliklə həmin qərarın açıqlanmasını gözləyirik. Sabah namizəd şəhərlərin hamısı rəsmi heyətlərini göndərəcəklər. Biz də öz heyətimizi sabah və ya sentyabrın 8-də mətbuata açıqlayacağıq. Şansımız var. Bütün sənədləri standartlara uyğun olaraq təqdim etmişik. Təbii ki, əlavə suallar verilir. Bakı şəhərinin əsas üstünlüyü ondadır ki, ölkə başçısı cənab İlham Əliyev bizi dəstəkləyir. Bu, ən böyük amildi. Tikilməkdə olan stadionumuz da böyük rol oynayır. Əksər şəhərlər sənədləri təqdim edəndə stadion tikəcəklərinə söz verirlər. Bizim stadion isə Bakını namizəd kimi təqdim etməzdən əvvəl tikilməyə başlayıb. Yəni bizdə işlər gedir. Bir var tender sənədlərində söz verirsən, biri də var iş gedəndə. Otellər baxımından üstünlüyümüz var. Əlavə stadionlarımız, məşq yerlərimiz kifayət qədərdi. Bakıda ikinci beynəlxalq hava limanının açılması da müsbət məqamdı.

 

- Qarşıdan Bolqarıstanla oyun gəlir. Millinin yeni mərhələdəki ilk matçından nə gözləyirsiniz?

- Əlbəttə, 3 xal qazanmalıyıq. Komandamız bu seçmə mərhələdə üçüncü pillə uğrunda mübarizə aparacaq. Ötən mərhələdə dördüncü yeri tutduq. Niyə də üçüncü yeri əldə etməyək? Futbolçular məsuliyyəti anlayır, bilirlər ki, ilk oyundan əllərindən gələni etməlidirlər.  

 

- Moskvadakı böyük hesablı məğlubiyyət sizdə ümidsizlik yaratmır?

- Yoldaşlıq oyunları fərqli ab-havada keçir. Bu cür oyunlarda əsas məqsəd futbolçuları yoxlamaq, müxtəlif taktik gedişləri sınamaqdı. Moskvadakı oyunu izləyənlər arasında həm Bolqarıstan, həm İtaliya, həm də Norveç yığmasının məşqçiləri də var idi. Yanaşma fərqli idi. Bizim üçün əsas rəsmi oyunlardı.

 

- Bernhard Lippert U-21 yığmasından istefa verəcəyini açıqladı. İsraillə oyunda isə komandamız böyük hesablı qələbə qazandı. Ola bilərmi ki, yenidən postunda qalsın?

- U-21 bizi sevindirdi. Onları təbrik edirəm. İsrailə qarşı inamlı çıxış etdilər və 3 xal qazandılar. Futbolçularımız evdə oynamağın məsuliyyətini anlayırlar. Ötən il səfərdə komandamız 2:7 hesabı ilə uduzmuşdu. Həmin məğlubiyyətin əvəzini Bakıda çıxdılar.

Lippertin mətbuat konfransından xəbərimiz var. O, komandadan ayrılmaq istədiyini və texniki-direktoru kimi vəzifəsini icra etmək istədiyini bildirib. Heç vaxt seçmə mərhələnin ortasında baş məşqçi ilə bağlı qərar verməyə çalışmamışıq. Gözləyirik ki, mərhələ başa çatsın, sonra qərar qəbul edək. Təbii ki, rəsmi oyunlardan sonra bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə məlumat veriləcək və məsələ İcraiyyə Komitəsinin iclasına çıxarılacaq.

 

- Mərhələnin sonunda nəticədən asılı olaraq, baş məşqçi ilə bağlı hansısa qərarın veriləcəyi müzakirə olunubmu?

- Məqsədimiz üçüncü yeri tutmaqdı. Bunu bacarsaq, pley-off-da oynayacağıq. Məqsədi elan etmədən öncə baş məşqçi ilə müzakirələr aparmışıq. Gördüyünüz kimi baş məşqçi hazırkı komanda çox inanır və qarşıdakı 10 oyunu bu heyətlə keçirəcək. Hansısa qorxunun olduğunu müşahidə etməmişəm. Əksinə, o, bir daha qeyd etdi ki, məqsədimiz üçüncü yeri tutmaqdı.

 

- Riçard Almeyda ilə Reynaldonun milliləşdirilməsi ictimaiyyət tərəfindən daha çox müzakirə olunur. Hazırda bu məsələ gündəmdədirmi?

- Bununla bağlı rəsmi açıqlama vermək istəmirdik. Çünki səbəblər var. Həm AFFA rəsmisi, həm də futbol azarkeşi kimi ən azı Reynaldonun yığmamızda oynamasının tərəfdarıyam. Reynaldo və Almeyda kimi futbolçular komandamıza faydalı ola bilərlər. Amma 2008-ci ildə AFFA-da fəaliyyətə başladıqdan sonra təhlillər apardıq ki, indiyə qədər neçə futbolçu “milliləşdirilib”. Həmin vaxt qeyd etdik ki, komandada bundan sonra ancaq etnik azərbaycanlılar çıxış etsin. Reynaldonun milliləşdirilməsinə gəldikdə, əvvəlcə futbolçunun özü ilə danışmaq lazımdı. Biz də bunu planlaşdırırıq. İkincisi, bu qərarı biz yox, FİFA qəbul edir. Nizamnamənin 8-ci maddəsinə əsas qeyd edilir ki, etnik bağlantı yoxdursa, həmin futbolçu vətəndaşlığını qəbul edəcəyi ölkədə minimum 5 il yaşamalıdı. Əvvəlki illərdə bu 2 il idi. Sonradan müddəti dəyişdilər. Həm də futbolçuya karyerası ərzində bir dəfə “ana federasiyası”nı dəyişməyə icazə verilir. Ona bu hüquq verilib. Yenə qərarı FİFA verir. Biz FİFA-ya müraciət etməliyik. Orada baxacaqlar ki, bu futbolçu niyə bu qərarı verib, onu Azərbaycana bağlayan nələr var, neçə ildir burada yaşayır. Ailə həyatı qurmaqla buna nail olmaq mümkün deyil. Müxtəlif federasiyaların nizamnaməsini oxumuşam, orada bunu etmək mümkündür, amma futbolda yox. Sual ola bilər ki, niyə Türkiyə əsilli futbolçuları yığmaya cəlb etmək mümkündür? Neçə ildir deyirik ki, bir millət iki dövlətik. Bu bağlantını nəzərə alaraq bunu əsaslandırmaq mümkündür. Ancaq Reynaldonun adı bütün suallara cavab verir. Bununla belə, onunla danışacağıq, razılıq versə, FİFA-ya müraciət edəcəyik. FİFA-nın müvafiq komitəsi isə qərar qəbul edəcək. Bu prosesi 2-3 ay da çəkə bilər. Reynaldo gələcəyini tamamilə Azərbaycanla bağlamaq istəyirsə, onunla danışacağıq. Biz də bu haqda düşünürük, amma asan proses deyil.

 

- Reynaldo müsabiələrinin birində yığmamızdan dəvət gələrsə, dəyərləndirməyə hazır olacağını bildirib. Onunla nə vaxt görüşməyi planlaşdırırsınız?

- O, təxminən 8 ay öncə bu müsahibəni verib. Özü isə 1 il 5 aydır Azərbaycandadır. O vaxt Flavinyo da həmin prosesi yaşadı. Təzyiq oldu ki, AFFA onu milliləşdirsin. Sonra isə bu söhbətlər bağlandı. Çünki ölkəyə daha güclü futbolçu - Reynaldo gəldi. Onunla sentyabrın 18-dək danışacağıq. Reynaldo ilə yanaşı, baş məşqçisi Qurban Qurbanovla da məsləhətləşmələr aparacağıq. Bir məsələni də unutmayaq, Reynaldo gələcəkdə başqa ölkədən təklif alsa, Azərbaycan yığmasında çıxış etməyə davam edəcəkmi? Cavablandırılası suallar var.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right