Dünən Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Rusiya-Azərbaycan (4:0) oyunundan sonra millimizin üzvü Vaqif Cavadov qarşılaşma haqqında fikirlərini bildirib.
Newsport.az saytının məlumatına görə, millimizin forvardı məğlubiyyəti faciəyə çevirməməli olduqlarını vurğulayıb:
"Düşünürəm ki, bu məğlubiyyəti faciəyə çevirməməliyik. Əsas sentyabrın 9-da qarşılaşacağımız Bolqarıstanla seçmə mərhələ oyunudur. Bu görüşə hazırlaşmaq üçün hələ vaxtımız var. Həmin oyuna fərqli motivasiya ilə çıxacağıq. Bu futboldur. Bəzən belə məğlubiyyətlər ola bilər, ancaq həyat davam edir. Rusiya ilə oyun bizim üçün vacib idi. Çünki biz "Avro-2016"nın seçmə mərhələsinə hazırlaşırıq. Buraxılan iki erkən qolun oyuna təsiri oldu. Bəli, nəticə bizim pis oyunumuzdan xəbər verir. Ancaq mən Azərbaycan yığmasının bu görüşdə pis oynadığını deməzdim. Çünki biz mübarizə apardıq, xüsusilə də ikinci hissədə".