“Sözsüz ki, iki komanda arasında keçirilən matçlar çox prinsipialdır. İdman sahəsində biz Rusiya yığmasına sübut etməliyik ki, yaxşı komandaya malikik”.
Newsport.az saytının məlumatına görə, bunu, Rusiya mətbutına açıqlamasında milli komandamızın futbolçusu Vaqif Cavadov deyib.
“Qaziantep BB”-də top qovan hücumçumuz bu gün Şimal qonşularımızla “Arena Ximki”də baş tutacaq yoldaşlıq oyunu haqda fikirlərini bildirib: “Millimizin oyunçularının hər birinin özünü göstərmək üçün şansı var. Biz bura ancaq qələbə fikri ilə gəlmişik. Sonuncu dünya çempionatında mən Rusiya millisini dəstəkləyirdim. Sizin yığmanız qrupdan çıxa bilmədi. Əlcəzairə qarşı matçda ruslar qalib gəlməli idi, amma onlar konsentrasiyanı tutmağı bacarmadılar. Həmçinin belə hal, keçən ilin oktyabrında bizim komandalarımızın oyununda baş verdi”.
Cavadov AVRO-2016-nın qrup mərhələsində Azərbaycan yığmasının hədəflərindən də danışıb: Komandamızın qarşısında Avropa çempionatına vəsiqə qazanmaq durur. Düşünürəm ki, biz bunu bacara bilərik. Əgər öz oyunumuzu göstərməyə çalışsaq, bu baş verəcək. Yığmamız yaxşı mütəxəssis çalışdırır. O, bizdə çoxdan işləyir. Onun isəklərini yerinə yetirsək, bizdə hər şey alınar”.
Qeyd edək ki, sabah “Arena Ximki”də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək.