"Keşlə" Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda "Səbail"lə 2:2 hesablı heç-heçə edib.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov açıqlama verib:
"Bu oyuna yaxşı hazırlaşdığımızı düşünürəm. "Sabah"la matçdan sonra futbolçulara iradlarımız var idi. Həftə ərzində oyunçuların psixoloji durumunu düzəltməyə çalışdıq. Məncə bu, pis alınmadı. Bu gün futbolçular əllərindən gələni etdilər. Meydanda döyüşdülər, qol imkanları yaratdılar. Amma bunları qola çevirmək lazım idi. Gözləmədiyimiz halda bir oyuncumuz qırmızı vərəqə aldı. Bu da oyunumuza təsirini göstərdi. İstənilən halda üzücüdür. Hesabda öndə olduğumuz halda oyunun heç-heçə bitməsi bizi üzür. Nə etmək olar? Bu oyun artıq geridə qaldı. Son saniyədə qol buraxmaq futbolçularda psixoloji cəhətdən gərginlik yarada bilər. Çalışacağıq ki, onları toparlayaq. Çünki, iki oyunumuz var. Bu istək və hərəkət bizə imkan verir ki, xal və ya xallar qazanaq".