“Bu gün öz dəst-xətti ilə seçilən komandaya qarşı oynadıq”.
Newsport.az-ın məlumatına görə, bunu “Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə qonaq komanda 1:3 hesabı ilə məğlub olub. Baş məşqçisi Aftandil Hacıyev cəzalı olduğu üçün oyunsonrası mətbuat konfansına qatılan köməkçi-məşqçi fikrini bu sözlərlə davam etdirib: “Oyundan-oyuna rəqibin həm sürətli, həm də dinamik oyun nümayiş etdirdiyi görsənir. Bizə gəldikdə isə, bir sıra çətinliklərimiz var. Süni meydandan təbii meydana keçmişik, millidə olan oyunçular komandaya bir az gec qoşuldular. Bunun fonunda rəqib meydanında oynamaq çətin oldu”.
Məşqçi çərçivədə Elxan Əhmədovun yox, debütant Nail Alışovun yer almasına da aydınlıq gətirib: “Kamran Ağayevin zədəsi var. Elxan Əhmədov da xəstələnmişdi, matça bərpa olunması çətin oldu. Nailə də güvənirdik. Neçə vaxtdır gözləyirdik ki, ona şans verək. 21 yaşı var, Premyer Liqada oynamağa hazır futbolçudur. Sadəcə, debüt oyunu olduğundan, onun üçün çətin idi”. (Apasport.az)