Topaz Premyer Liqasının 4-cü turunda “Qəbələ” doğma meydanda AZAL-a 1-2 hesabı ilə məğlub oldu.
Newsport.az saytının məlumatına görə, “Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu oyundan sonra təşkil olunan mətbuat konfransında nəticənin onları məyus etdiyini bildirib:
“Bu nəticə məni çox məyus etdi. Komandamız başdan sonadək oyuna nəzarət etsə də, iki gözlənilməz qol buraxdıq. Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları qələbə ilə ancaq təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Təəssüf ki, Kristea bu gün yaxşı çıxış etmədi, ona görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün deyil. Komandamın hər bir oyunçusuna inamım var”.