Xaqani Məmmədov: “Lazım gələrsə, bir hakim tur ərzində 2 oyuna təyinat alacaq” MÜSAHİBƏ

– Bəri başdan deyim ki, geridə qalan 2 turda hakimlikdən o qədər də razı qalmamışam. Səhvlər var idi. Özü də bəzi hallarda hakimlər kifayət qədər ciddi səhvlər buraxıblar. 2-ci turda baş tutan “Qarabağ” – “İnter” oyununun baş hakimi Fariz Yusifovdan başlayım. Həmin matçın hakim-inspektoru özüm idim. Bir aşkar səhv oyunu yüksək səviyyədə idarə edən hakimin qiymətini xeyli aşağı sala bilir. Fariz ümumi götürəndə oyunu yüksək səviyyədə idarə etdi. Amma buraxdığı 2 kobud səhv onun qiymətinə təsirsiz ötüşmədi. Həmin səhvlərdən birincisi “İnter”in futbolçusu Meza Kollinin rəqibə qarşı kobud oynadığı epizodla bağlı idi. Fariz onu sarı vərəqə ilə cəzalandırdı. Amma meydandan qovmalı idi. Digər epizod isə oyunun son dəqiqələrində baş verdi – Reynaldonun qapıçı ilə təkbətək qaldığı epizodda. Qapıçı Reynaldoya qarşı kobud oynamışdı. Lakin Fariz bunu görmədi və penalti əvəzinə qapıdan zərbə təyin etdi. Qiyməti 8,3 bal olmalı idi. Bu iki səhvə görə 7,7-ə düşdü. Düzü, mənim həmin epizodu yaxşı görməyimə tribunaların dirəyi mane oldu. Videoçəkilişlərdə isə Farizin səhv etdiyi yaxşı görünürdü. Özü də sonradan səhvini etiraf etdi.

– Ümumiyyətlə, bir neçəsini çıxmaq şərtilə dirək problemi demək olar ki, bütün stadionlarda var...

– UEFA tövsiyyə edir ki, hakim-inspektorlar üçün ən yaxşı şərait yaradılsın. Onlar stadionun hər bir nöqtəsini aydın görməlidirlər, meydana tam nəzarət etməlidirlər. “Bakcell Arena”da elə yerdə əyşləşirik ki, yan xətti görmək olmur.

– Mövzudan uzaq düşməyək, hakimin qərarının müzakirə mövzusu olduğu daha bir epizod “Xəzər Lənkəran” – “Sumqayıt” oyununda baş verdi. Həmin vaxt Orxan Sadıqlı meydandan qovulmalı idi?

– Çox maraqlı epizod idi. Həmin anda nə baş verdi? Qayda pozulanda Orxan Məmmədovun bütün diqqəti futbolçularda idi ki, görsün qapıçı hücumçunu yıxacaq, ya yox. Yəni, fikri topda deyildi. Top isə çox sürətlə hərəkət edirdi. Əgər hücumçu qapıçını keçsəydi, onsuz da topu nəzarətinə götürə bilməyəcəkdi. Reynaldonun epizodunda fərqli vəziyyət idi, qapıçını keçsəydi, topa çatacaqdı. Bu epizodda isə mümkün deyildi. Belə bir vəziyyətdə hakimin verdiyi hər hansı cəzanı dəstəkləyə bilərik. Yəni, “sarı” da versəydi haqlıydı, “qırmızı” da. Mənim fikrimcə, penalti yüz faiz var idi. Vərəqəyə qaldıqda, “sarı” daha haqlı qərar olardı. Hakimliyə gəlincə, Orxan işinin öhdəsindən yaxşı gəldi. Ancaq “sarı”-”qırmızı” məsələsinə görə işinə 7,9 bal verərdim.

– “Qəbələ” – “Araz Naxçıvan” oyunun baş hakimi Rəhim Həsənovun da işində səhvlər var idi.

– Rəhim çempionata o qədər də uğurlu başlamayıb. Həm ilk turdakı AZAL – “Xəzər Lənkəran”, həm də bu oyunda səhvlər buraxıb. Hər iki oyunda bir neçə epizodda futbolçulara xəbərdarlıq etməli olduğu halda, “əlini cibinə” salmayıb. Təkcə “Qəbələ” – “Araz Naxçıvan” oyununda 3 “sarı” və 1 “qırmızı” göstərə bilərdi. Həm də 55-ci dəqiqədə qonaqların qapısına penalti təyin etməyə borclu idi. Yan xətt hakimi qayda pozuntusunu qeydə almışdı və düşünmək olardı ki, Rəhim penalti təyin edəcək. Amma o, əksini etdi – hücumçunu simulyasiyaya görə cəzalandırdı. Düzdür, buraxdığı səhvlər oyunun yekun nəticəsinə təsir etməyib. Bu üzdən 7,8 bal vermək olar.

– Son olaraq “Neftçi” – “Bakı” və “Simurq” – AZAL oyunun hakimləri haqqında fikirləriniz.

– “Neftçi” – “Bakı” qarşılaşmasınan baş hakimi Ömər Paşayev idi. Çoxdan idi ki, hakimlik etmirdi. Amma buna rəğmən işinin öhdəsindən gələ bildi. Ömər digərləri ilə müqayisədə qətiyyəti ilə seçilir. Bəlkə də bu günkü hakimlərimiz arasında ən qətiyyətlisidir. Heç kimdən çəkinmir. Nə futbolçulardan, nə də klub rəhbərliyindən. Meydanın sözün əsl mənasında sahibidir. Bəzi metodiki səhvlərə yol verdi. Məsələn, futbolçu ayaq üstə deyilsə, gözləməlidir ki, ayağa qalxsın və sonra vərəqə göstərsin. Ömər isə futbolçunun durmasını gözləmədi. Və ya fiti tez-tez yersiz halda azğına yaxınlaşdırması hakim üçün arzuolunan hal deyil. Təlim-məşq toplanışlarında bu haqda çox danışmışıq. Tezliklə bu çatışmazlıqları aradan qaldırmalıdır. Təbii ki, bunlar nəticəyə təsir edən səhvlər deyil və xırda metodiki səhvləri nəzərə almasaq yaxşı “işlədi”. Qiyməti 8,3 bal.

Turun yeganə səhvsiz hakimi Əliyar Ağayev idi. “Simurq” – AZAL oyunun baş hakimi olan Əliyar bir daha yaxşı formada olduğunu sübut etdi. Hətta oyundan sonra məğlub olan AZAL rəhbərliyi hakimliyə görə bizə təşəkkür etdi. Qiyməti 8,4 bal.

– Xəqani müəllim, əgər 5 hakimdən 3-ü aşağı qiymət alırsa, onda ortaya belə bir sual çıxır – Polşada keçirilən təlim-məşq toplanışı nəyə lazım idi?

– Adətən, yayda oyunların sayı minimum olur. Bu üzdən hakimlərin oyun praktikası da azalır. İstənilən ölkədə mövsümün əvvəllərində hakim səhvləri ilə daha çox rastlaşırıq. Bunu bəraət üçün demirəm, oyun praktikasının azlığı bu səhvlərin ortaya çıxmasına səbəb olur. Məsələn, Rusiya çempionatını götürək. Elə oyun yoxdur ki, oyunun nəticəsinə təsir edəcək hakim səhvi ilə rastlaşmayaq. Müqayisə üçün qeyd edim ki, ötən mövsümə bundan pis başlamışdıq. Əminliklə bildirirəm ki, növbəti turlarda səhvlər tədricən azalacaq.

– Qeyd etdiniz ki, hakimlərin oyun praktikası azdır. Amma səhvlərlə yadda qalan Rəhim Həsənov bir müddət əvvəl avrokuboklarda məsuliyyətli oyun idarə edib.

– Doğrüdür, özü də yüksək səviyyədə. Elə oyunu normal idarə edib, indi səhv buraxması adama pis təsir edir. Ömər Paşayev Polşada olduğumuz müddətdə oyunlara bir dəfə də təyinat almadı. Amma baxın, necə hakimlik edir.

– Avrokuboklardan söz düşmüşkən, bu yay 3 hakimimizə UEFA tərəfindən təyinat verildi. Hakimlərimizin Avropadakı işindən razısınız?

– Həm Rəhim Həsənov, həm Anar Salmanov, həm də Əliyar Ağayev UEFA-nın hakim-inspektorları tərəfindən yüksək qiymətlərə layiq görülüblər. Ən yaxşı nəticə isə Əliyardadır – hər iki oyunda 8,4 bal alıb. Üstəlik, nəzərə alaq ki, bu qiymətlərin birini ona erməni hakim-inspektor Karen Nalbandyan verib. Başqası olsaydı, Əliyara ən azı 8,5 bal verərdi. UEFA-nın onun haqqında yüksək fikirdə olduğunu bilirik. Bu gedişlə daha səviyyəli oyunlara təyinat alacaq.

– “Şaxtyor” (Qazaxıstan) – “Hayduk” (Xorvatiya) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Əliyarın hakimliyindən narazı qalmışdı.

– Bəli, oyundan sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, mən belə bərbad hakimlik görməmişəm. Qoy, bunu Azərbaycanda da bilsinlər. Həmin oyunda bir epizod var idi. Qonaqlar cərimə zərbəsi vurarkən “Şaxtyor”un müdafiəçisi topu əllə qaytarır. Bunu ancaq baş hakimin olduğu mövqedən görmək mümkün idi. Baş məşqçi də bu üzdən kəskin fikirlər səsləndirmişdi. Onun bu fikirlərinə sərt reaksiyam oldu. Qazaxıstanın Futbol Federasiyasının vitse-prezidenti mənimlə söhbət zamanı məşqçinin sözlərinə fikir verməməyi, onun hər oyundan sonra bu cür açıqlamalarla tanındığını bildirdi. Hətta klubun nümayəndələri də baş məşqçinin dediyi sözlərlə bağlı üzrhaqlıq etdilər. Oyundan sonra Karen Nalbandyan epizodun videotəkrarına baxıb Əliyara 8,4 bal verməsi onun matçı səhvsiz idarə etməsi deməkdi.

– Anar Salmanovla vəziyyət nə yerdədir? May ayında bizə verdiyiniz açıqlamada bu mövsüm Anarın yenidən Premyer Liqa oyunlarına təyinat alacağını demişdiniz.

– Anarın fiziki hazırlıqlarında problemlər var, normativləri verə bilməyib. Bu ildən etibarən fiziki və nəzəri hazırlıqları aşağı olan hakimlərə qarşı daha sərt mövqe tutacağıq. Normativ verə bilməyən hakimlərə noyabr ayında daha bir şans veriləcək. Buna kimi isə onların nəzərdə tutulduqları liqalarda oyun idarə etməsi mümkün deyil.

– Belə çıxır ki, Anar Salmanov noyabra kimi Premyer Liqa üzü görməyəcək.

– Təkcə o yox, yan xətt hakimləri Vaqif Musayev, Munis Abdullayev və Namiq Hüseynov da həmçinin. Hamısı FİFA hakimləridir. Bundan başqa Premyer Liqa oyunlarında aşağı qiymət alan hakimlər bir neçə tur “dincələcəklər”.

– Onları əvəzləyə biləcək hakimlərimiz var?

– Oldu, ya olmadı, “dincələcəklər”. Bəziləri fikirləşirlər ki, səhvdi də etmişəm, onsuz 1-2 tur sonra yenə oyun verəcəklər. Belə olmaz. Bir tur 3 gün ərzində keçirilir. Ehtiyat qüvvəmiz var. Amma risk eləmək istəmirik. Lazım gələrsə, bir hakim tur ərzində 2 oyuna təyinat alacaq. Yəni, cümə günü oyun idarə edən hakimə bazar günü də təyinat verə bilərik.

– Bu ki doğru deyil. Bir hakimin yeni turda 2 oyun idarə etməsi anormal hal deyilmi?

– Arzuolunan deyil. Ən pis halda bu varianta əl ata bilərik. Məqsədimiz səhv etmiş hakimləri sərt cəzalandırmaqdır. Özləri də bunun fərqində olacaqlar. Bir tur oyunsuz qalmaq onların maddi büdcəsinə təsir edəcək.

– Qazancdan söz düşmüşkən, hakimlərin qonorarlarında dəyişiklik gözlənilirmi?

– Yox. Belə baxanda, bizim hakimlər çox yaxşı qonorar alırlar. Keçmiş SSRİ məkanında 3-cü yerdəyik. Ancaq Rusiya və Qazaxıstandan geri qalırıq. Yığmamızın Özbəkistanla oyununda özbək həmkarımla bu barədə söhbət etdim. Onlarda baş hakimin qonorarı 500 dollardır. Bizdə isə 700 manat. Bir sözlə, hakimlərimizin qonoqarı yüksəkdir.

– Bu mövsüm Premyer Liqada yeni hakimlər görə öiləcəyik?

– Perspektivli hakimlərimiz çoxdur. Hazırda aşağı dəstələrdə hakimlik edirlər. Ola bilsin ki, mövsümün gedişində bir neçəsinə Premyer Liqaya təyinat verək.

– Adlarını çəkə bilərsiniz?

– Əhmədov Ramiz bir neçə il Premyer Liqada oyun idarə edib. Digərlərinə gəlincə, Mahir Məmmədov, Fərid Məmmədov və İnqilab Məmmədovun adlarını çəkə bilərəm. Onlar yaxın turlarda Premyer Liqada oyun idarə edə biləcəklər.

– Xaqani müəllim, deyəsən, ancaq Məmmədovlara dəstək olursunuz.

– Doğrudan? (təəccüblənir). Düzü, heç fikir verməmişdim. Neyləyək, Məmmədov soyadı geniş yayılıb. Əlbəttə, bu bir zarafatdır. Məqsədimiz bu il Premyer Liqada daha çox hakimdən istifadə etməkdir. Bu halda rəqabət də artacaq. Təəssüf ki, bir perspektivli hakimimiz bir il hakimlikdən ayrı düşəcək. Rauf Cabbarovu nəzərdə tuturam. Rauf Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyir və sahəsi üzrə təhsil almaq üçün sentyabrda Mançesterə gedəcək. Çox istərdim ki, İngiltərədə olduğu müddətdə hakimliklə məşğul olsun. Amma belə bir qayda var – hakim ancaq vətəndaşı olduğu ölkədə hakimlik edə bilər. Amma yenə də, UEFA-nın Hakimlər Komitəsində bir nəfər var, onunla danışıb Raufun İngiltərədə aşağı liqalarda hakimlik etməsinə köməklik göstərməyə çalışacam. Bu, həm Raufun oyun praktikasının qalmasına kömək edər, həm də Azərbaycan adına yaxşı bir iş olar.

Söhbətləşdi: İlqar TAĞIYEV





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right