Mütəxəssislər millinin əcnəbiləşməsindən narazıdırlar SORĞU

“Çağırılanlar yığmaya yaraşmayan futbolçulardır”

Ötən həftə keçirilən Azərbaycan — Özbəkistan matçı hələ də müzakirə mövzusudur. Yığmamızın sərgilədiyi zəif oyuna görə, AFFA-nı da, baş məşqçi Berti Foqtsu da tənqid edənlər az deyil. Maraqlı məqam isə bundan ibarətdir ki, yığmamızın heyətində ölkə xaricindən gətirilən kifayət qədər futbolçu yer almışdı. Halbuki bizim hətta əvəzedici komandaların tərkibində belə, həmin milliləşən futbolçulardan səviyyəli yerli uşaqlar var. Görəsən, yığmanı get-gedə əcnəbiləşdirmək AFFA-ya və ya məşqçilər korpusuna nə qazandıracaq? Həqiqətən də, bu oyunçularla Avropa çempionatının final mərhələsi hədəflənib? Biz də bu məsələni təcrübəli məşqçilərimizlə birgə dəyərləndirdik. Onlara isə 2 sual ünvanladıq.

 

1. Milli komandamızdakı legionerlərin əksəriyyəti öz klubunda əsas heyətdə çıxış etmir. Digərləri də aşağı liqa təmsilçilərinin futbolçularıdır. Azərbaycanda bu futbolçuları əvəz edəcək oyunçular yoxdurmu?

2. İndiyə kimi onlarla əcnəbi futbolçu milliləşdirilib. Bu qədər oyunçunu milliləşdirməkdənsə, olmazdımı ki, 1-2 yüksək səviyyəli futbolçu milliləşdirilsin?

 

Arif Əsədov

1. Burada məsələyə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, sizin söylədiyiniz kimi, millidə nə qədər azərbaycanlı oynasa, bir o qədər yaxşıdır. Onlar həm də oyundan-oyuna öz potensiallarını “artıracaqlar”. İkinci tərəfdən bu, yoxlama görüşüdür. Milli komandamızın məşqçilər heyəti axtarıb tapdığı Azərbaycan əsilli oyunçuları yoxlamaq istəyir. Ancaq bu futbolçuların, xüsusən də, Özbəkistan yığması ilə görüşə çağırılan legionerlərin yığmamızda möhkəmlənəcəyini düşünmürəm. Çünki Azərbaycan — Özbəkistan oyununa hər kəs baxdı və gördü ki, bu futbolçularda yığmada oynaya biləcək potensial yoxdur. Bizim gənclərimiz var ki, məsələn: Namiq Ələsgərov, Coşqun Diniyev və başqaları… Məncə, belə yoxlama oyunlarında gənc futbolçular yoxlanılsa, daha yaxşı olar.

2. Əlbəttə. Azərbaycan klublarının heyətində bir neçə ildir ki, çıxış edən Almeyda, Flavinyo, eləcə də Reynaldo kimi futbolçular futbolumuza artıq bələddirlər. Bu futbolçuları milliləşdirmək daha yaxşı və daha səmərəli olar, nəinki hansısa bir oyunçunun kənardan 1-2 oyununa baxıb sonra milliyə dəvət etmək. Daha sonra isə bu futbolçulardan stabillik əldə edə bilmirlər. Öz klublarında çıxış etməmələri də milli üçün mənfi haldır. Yığmaya öz klubunda daim əsas heyətdə çıxış edən futbolçu çağırmaq lazımdır.

 

Yunis Hüseynov

1. Bu, yoxlama oyunudur. Özbəkistanla matça çıxan futbolçuları da yoxlamaq lazımdır. Mən mətbuatdan oxumuşam ki, onlardan birinin atası, birinin babası azərbaycanlıdır. Belə düşünürəm ki, bu futbolçuları sınamaqda fayda var. Azərbaycan — Özbəkistan oyununadakı leginerlər, həqiqətən də, milliyə yaraşmayan futbolçulardır. Yəqin ki, bu futbolçular bir daha milliyə dəvət olunmayacaqlar. Belə düşünürəm ki, bundan sonra yerli gənclər yoxlanışa daha çox cəlb olunar. Legionerləri milliyə dəvət etməmişdən öncə onları yerində daha diqqətli izləmək lazımdır. Daha milli komadanın yoxlanış oyununa çağırıb, orada sınamaq lazım gəlməz. Yəni məsələni bu həddə gətirmək lazım deyil.

2. Xeyr, yaxşı olmaz. Milliyə nə Reynaldo lazımdır, nə də Almeyda. Azərbaycana yerli futbolçular lazımdır. İnkişaf etməkdən ötrü yerli futbolçular oynamalıdır. Demirəm ki, yerlilər oynayıb “fontan” edəcəklər. Yox. Bu dəqiqə heç kim gözləməsin ki, bizim yığmamız dünya və ya Avropa çempionatına vəsiqə qazanacaq. Əgər yerli futbolçuları inkişaf etdirmək istəyiriksə, elə onları da oynatmaq lazımdır. Uduza-uduza gedəndə də heç olmasa yerlilərdən 3-4 futbolçu özünü yaxşı tərəfdən göstərəcək. Daha sonra bu 3-4 olacaq 5-6 və bu minvalla biz püxtələşə bilərik. Yoxsa bugünkü günlə yaşamaq olmaz. Gələcəyi düşünmək lazımdır. Mən sizə bir faktı danışım. Azərbaycan yığması bir neçə il öncə Belçika ilə bərabərə qaldı. O vaxt onların heyətinin 90 faizi gənclərdən ibarət idi. Biz sual verəndə ki, siz niyə gəncləri oynadırsınız? Onlar bizə cavab verdilər ki, biz gələcəyi düşünürük. Məncə, biz də gələcəyi düşünməliyik. Gənclərə şans versək, özümüzdən qat-qat zəif komandalara udaza da bilərik, ancaq gələcəyi düşünmək lazımdır. Mənim fikrim hər zaman belə olub ki, milli komandada yalnız yerli futbolçular oynasın. 0:5 və ya 0:10 hesabı ilə məğlub olsaq belə, yerli oyunçularımız oynamalıdır.

 

Ağasəlim Mircavadov

1. Azərbaycan — Özbəkistan oyununu izlədim. Millimizdə çıxış edən legionerlərin oyunundan narazı qaldım. Onlar Azərbaycan yığmasına layiq deyil. Onlarda istək yox idi. Ola bilər ki, səviyyələri bundan artıq deyil. Millimizin baş məşqçisi Berti Foqs da oyunun gedişatından narazı qaldı. Bilirsiniz, millidə belə oynamaq olmaz. Onlarda istək sıfır dərəcədə idi.

2. Bu fikirlə mən razıyam. Biz yerli oyunçulara inansaq, onlarla çalışsaq, məncə, daha yaxşı olar. Məsələn, Azərbaycan — Özbəkistan oyununda Əfranın, Cavidin meydana çıxması oyunu canlandırdı. Yerli oyunçular hiss etdirirlər ki, yığmada oynamaq istəyirlər. Onlar yığma üçün can yandırırlar. Əfsuslar olsun ki, Azərbaycan millisinin oyunu zamanı biz 11 minlik stadionu doldura bilmirik. Bu çox acınacaqlı vəziyyətdir. Bunun əsas səbəbi isə milli komandanın sərgilədiyi oyundur. Əgər oyun yaxşı olsa, azarkeş də gələr.

 

Şahin Diniyev

1. Mən sizinlə təmamilə razıyam. Futbolçunu milliyə çağırıb, ona formanı geyindirməməşdən əvvəl öz klubundakı oyununu aylarla izləmək lazımdır. Ancaq Özbəkistanla oyunda 3-4 legioner futbolçunun heç millinin səviyyəsinə yaxın durmadığı göründü. Bu məsələdə baş məşqçini qınamıram. Onların oyununa kim baxıb bəyənibsə, kim onları baş məşqçiyə məsləhət görübsə, səhv ondadır. İran, Türkiyə, Almaniya əsilli furbolçuları gətirib məcbur yığma komandanın formasını geyindirirlər. Bu hal komandamıza baş ucalığı gətirmir. Yığmaya gətirilən futbolçu yerlilərdən ən azı iki dəfə üstün olmalıdır. Mən deyərdim ki, Azərbaycanda bu səviyyədə olan legionerləri əvəz edəcək onlarla, hətta yüzlərlə futbolçu var.

2. Burada bəzi nüanslar var. Mən bildiyim qədərilə milliləşdirməklə bağlı UEFA tərəfindən ciddi tələblər qoyulur. Məsələn, hər hansı bir futbolçunu milliləşdirmək istəyiriksə, o ən azı 5 il Azərbaycanda oynamalıdır. Ancaq Almaniyadan, Türkiyədən gətirilib, milliləşdirilən futbolçularda isə Azərbaycana nəsil, kök bağlılığı olur. Milliləşdirmək artıq çox çətin olub. Mətbuatda çox yazılır ki, Reynaldo milliləşsin, ancaq bu mümükün deyil. Çünki o, ən azı 5 il Azərbaycanda oynamalıdır. Qısacası, hər istədiyimiz futbolçunu milliləşdirə bilmərik.

Mənbə: Çempion qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right